Ölkədə uğurlu sosial siyasət, islahatlar proqramı sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deputat Nigar Məmmədova bildirib.
O qeyd edib ki, dövlətin reallaşdırdığı bütün sosial layihələr vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Ən mürəkkəb vəziyyətdə belə heç bir sosial layihə və proqramın icrası təxirə düşmür. Çünki vətəndaşın marağının təmin olunması ali rəhbərliyin qarşıya qoyduğu əsas vəzifə və prioritetdir. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır:
"Sosial siyasət komitəsinin cari ilin müvafiq dövrü üzrə hesabatından da aydın olur ki, bu müddətdə komitənin işi effektiv olub. Qəbul olunan qanun layihələrinin hər biri xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlərin verilməsini, həmçinin inzibati proseslərin sadələşdirilməsini nəzərdə tutan Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən dəyişiklikləri, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi, onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini özündə ehtiva edən "Sosial sığorta haqqında" Qanunda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklikləri, normativ hüquqi aktlar arasında ziddiyyətlərin qarşısını almaq üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun və Əmək Məcəlləsinə uyğun olaraq “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanuna, “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, həmçinin “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna edilən dəyişiklikləri xüsusi qeyd etmək istərdim. Əminliklə söyləyə bilərik ki, hesabat dövründə təqdim olunan qanun layihələri ölkədə sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edib".
Komitə qarşıdakı sessiyada da işini eyni templə davam etdirəcək deyə sonda N. Məmmədova bildirib.