Biz çağdaş dövrün çağırışlarına uyğun olaraq bir sıra qanunlarda əsaslı və sərt dəyişikliklər etməliyik.
Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Sahib Alıyev bildirib.
"Əsaslı dəyişiklik deyərəkən informasiya təhlükəsizliyimizə artan təhdidlər fonunda bununla bağlı edilməsi gərəkənləri, sərt dəyişikliklər deyərkən ekologiyanın qorunması haqda qanunu nəzərdə tuturam. Yaxın perspektivdə də yox, ən yaxın perspektivdə biz süni intellektlə bağlı qanun hazırlayaraq təsdiqləməliyik. Ötən gün bir siyahıya nəzər saldım, neyroşəbəkə artıq 40-a yaxın peşə sahiblərini 40 faizdən 70 faizədək əvəz edə bilir ki, onların da xeylisi yeni sahələr sayılırlar. Hətta yaradıcı adamları, məsələn yazıçı və rəssamları da süni intellekt maliyyə analitikini, yaxud da mühəndis texnoloqu əvəzləyə biləcəyi səviyyədə əvəzləyir. Yəni söhbət 60 faizin üzərindəki bir göstəricidən gedir. Araşdırmalar göstərir ki, süni intellekt məsələn, xərçəng xəstəliyinin diaqnozunu 95 faiz dəqiqliklə təyin edə bilir. Bu, indinin reallığıdır, beş il sonra bu əvəzlənmənin əksər sahələrdə yüz faizə çatacağı və süni intellektin insanı tam əvəzləyəcəyi çoxlu yeni sahələrin meydana çıxacağı proqnozlaşdırılır”.
Deputat qeyd edib ki, Cənubi Koreyanın süni intellektlə bağlı təcrübəsi göstərir ki, gözləmək lazım deyil, sadəcə qanunvericilik planı məhz bu reallıq nəzərə alınmaqla qurulmalıdır. Süni intellekt haqda qanunun gələn ilin yanvarında qüvvəyə minəcəyi bu ölkədə onun 3 illik dövrlərlə ardıcıl yenilənəcəyini də indidən bəlli edirlər.