“Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişiklik həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə dövlətimizin humanist yanaşmasının daha bir göstəricisidir. Bununla dövlət tərəfindən məhkumların səhiyyə hüququnun müdafiəsi gücləndirilir və cəza çəkənlərin sağlamlığına dövlət qayğısı artırılır.
Modern.az xəbər verir ki, bu sözləri Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Pərvanə Vəliyeva bildirib.
"Məhkumlar üçün tibbi sığorta ÜST-in tövsiyələrində də öz əksini tapıb, Birləşmiş Krallıq, Danimarka, Norveç, Almaniya kimi inkişaf etmiş ölkələrdə tam olaraq, Argentina və qardaş ölkə Türkiyədə isə hissəvi olaraq bəzi tibbi xidmətlərin satın alınmasını təmin edir. ABŞ və Avstraliyada isə məhkumlar baza tibbi xidmətləri ilə məhdud sayda, əsasən stasionar yatış zamanı təmin edilirlər".
P. Vəliyeva vurğulayıb ki, Azərbaycanın penitensiar müəssisələrində infeksion xəstəliklərlə mübarizədə əldə edilmiş uğurlarımız ÜST Beynəlxalq kompendium və nominasiyalarında ən yaxşı təcrübə kimi təqdim edilir:
"Xüsusilə, cəzaçəkmə yerlərində vərəmlə mübarizə tədbirlərimiz dünyada ən yaxşı nümunədir. Belə ki, 2024-cü ildə Penitensiar sistemdə dərmana həssas vərəm üzrə 96% sağalma ilə vərəmin müalicəsinin effektivliyi ÜST-nin hədəflərini üstələyib. Ölkəmizdə məhkumlar arasında vərəmdən ağırlaşmalar, ölüm halları xeyli azalıb, xəstələnmə isə 2005-ci illə müqayisədə 5 dəfə azalıb və bu azalma tendensiyası davam edir. MDB məkanında ilk və tək beynəlxalq statusda - Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlıq mərkəzi Azərbaycanda – penitensiar sistemdə açılmışdır. Bu mərkəzdə bugünədək Azərbaycanın təcrübəsini 23 ölkədən 200-dən çox mütəxəssis öyrənib. Bundan başqa, məhkumların müalicəsində ÜST-ün ən son tövsiyələri tətbiq edilir. Hepatit C müalicəsi ilk dəfə cəzaçəkmə müəssisələrində məhkumlar üçün təşkil edilmişdir. 2023-cü ildən bəri Hepatit C müalicəsi üzrə də 90%-ədək sağalma əldə olunub".
"Bu qədər uğurları ölkəmizə qazandıran dövlətin ardıcıl qayğısı, təminatları və savadlı kadrlarımız olmuşdur. Bu baxımdan, tibb kadrlarının bu sahədə çalışmağa meyl etməsini stimullaşdırmaq məqsədilə əlavə tədbirlər görülə bilər. Penitensiar müəssisələrdə çalışan tibb işçilərinin maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi işlədikləri çətin əhali qrupu və şərait nəzərə alınaraq onların motivasiyası baxımından əhəmiyyətli olardı"- deputat sonda bildirib.