Modern.az

AŞPA-nı zəbt edənlər - Səməd Seyidov yazır...

AŞPA-nı zəbt edənlər - Səməd Seyidov yazır...

Parlament

30 Sentyabr 2025, 16:14

Hər şey Berlin divarının uçması ilə başladı. 1989-cu il noyabrın 9-dan 10-na keçən gecə kommunist imperiyası çökdü.

Sanki, xalqlar uzun illər boyu saysız-hesabsız faciə və əzab gətirmiş ideologiyanın diktəsindən azad oldular. Lakin bu arzu gerçəkləşmədi. Qərb dünyası azad sahibkarlıq, insan haqlarına və mülkiyyətə hörmət, şəffaflıq  və davamlılıq kimi sivil dəyərlərlə Berlin divarı ilə bütün bəşəriyyətdən hasarlanmış tiranlıq dünyasını dəyişməli idi. Ancaq əksinə oldu: tiraniya demək olar ki, bütün Qərbi öz qaydalarına uyğun formalaşdırdı.

Dağıdılmış divardan Qərbə axın edən və qadağan olunmuş həyat tərzini arzulayan insanların əksəriyyəti yeni mədəniyyət və ənənələrə uyğunlaşmağı ağlından belə keçirtmirdi.  Onlar yalnız soyuq müharibə dövründə Qərbin təqdim etdiyi bolluq və rahat həyat barədə xəyal qururdular. Amma bu nağıl kimi həyat, mif kimi sürətlə yoxa çıxdı və göstərdi ki, Qərbin rifahının əsasında hər gün, yorulmaz və kompromissiz şəkildə işləmək dayanır. Sosializm və kommunist rəhbərlər görmüş milyonlarla insan üçün belə əmək quldarlıq kimi görünürdü və qəbul edilməz sayılırdı. Bu isə onları o vaxt azlıq təşkil edən solçu və kommunistpərəst qüvvələrə yaxınlaşdırdı və nəticədə Qərbi içəridən tədricən öz qaydalarına uyğun “sovetləşdirməyə” başladı.

 



1949-cu ildə Avropa üzrə ümumi təşkilat kimi yaradılan Avropa Şurası Parlament Assambleyası məhz bu dağıdıcı deqradasiya prosesini yaşadı. 1949-cu ildə Uinston Çörçil, Konrad Adenauer və Robert Şuman tərəfindən təməli qoyulan mütərəqqi hüquq, demokratik düşüncə və Avropa inteqrasiyasının mənbəyindən o, 90-cı illərdə, Berlin divarının dağılmasından sonra, sol beynəlmiləlçiliyin ultra-liberal və sosial-kommunist məsxərəsi səviyyəsinə qədər düşdü. Yeni minilliyin başlanğıcı olan 2000-ci illərdə isə sol yönlü aqressiv liberalizm, müxtəlif separatçılarla qarışaraq, bu təşkilatı, bəzən məntiqə sığmayan fikirlərinə və “standartlarına” uyğun olmayan hər şeyə qarşı dözümsüzlük mənbəyinə çevirdi.

Müxtəlifliyi və dialoqu təbliğ etməsinə baxmayaraq, tənqidə və fərqli fikirlərə heç bir dözümlülük göstərməyən Avropa Şurası Parlament Assambleyası üzv ölkələrə münasibətdə ikili standartların və ədalətsiz yanaşmanın bataqlığına daha da qərq oldu. Bununla da, bu qurum Avropanı “özləri” və “digərləri” olaraq bölən yeni divar ucaltdı və faktiki olaraq qurucuların əbədi prinsiplərinə xəyanət etdi.

Lakin bu divar artıq Berlin şəhərində deyil, Avropanın ən şərq sərhədində, elə Azərbaycan ərazisində qurularaq «Oqanyan xətti» adını aldı. O, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş və zəbt olunmuş torpaqlarımızı – Qarabağ və Zəngəzuru – Azərbaycanın qalan hissəsindən ayırırdı. Məhz bu torpaqları «liberal» Avropa «ATƏT-in Minsk qrupu» adlı bıçaq və Baydenin narkozu vasitəsilə vətənimizin canlı bədənindən ayıraraq özünə birləşdirmək istəyirdi.

Ən paradoksal və faciəli məqam isə ondan ibarət idi ki, Berlin divarı kommunistlər tərəfindən Şərqdən demokratik Qərbə qarşı ucaldılmışdısa, Oqanyan divarı artıq Qərbdən, solçu qlobalistlər tərəfindən, ədalət tələb edən Şərqə qarşı inşa olunurdu.


1465967
Taleyin hökmü ilə, 51 il sonra, həmin gün və həmin gecə, lakin 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə, Azərbaycanda ucaldılmış sol yönlü aqressiv liberalizmin separatçı divarı yarıldı və dağıdıldı. Demək olar ki, bütün Qərb dünyası qlobalistlərin, ultra-liberalların və sol radikalların hakimiyyəti altında olan zaman, Ermənistanın daşnakları, separatçıları və terrorçuları ilə birləşərək bu divarı qorumağa çalışırdılar. Lakin, 44 günlük müharibədə xalqımızın böyük qələbəsi bu divarı tamamilə məhv etdi.

Oqanyan divarının dağılması Berlin divarının uçması qədər səs-küylü oldu, çünki məhz Qarabağın azad olunması ilə insanlığın əsl ümumbəşəri dəyərlərinə qayıdışı başladı. 

Ciddi siyasətçilər artıq anlayırdılar ki, ədalətsiz dünya qurmaq mümkün deyil, ikili standartlar heç yerə aparmır. Başqalarını insan haqlarını pozmaqda ittiham etmək, amma, məsələn - ABŞ-da Bayden administrasiyası dövründə – poçt səsverməsini manipulyasiya etmək artıq qəbul olunmur.

Başqalarına həqiqəti, ədaləti, ərazi bütövlüyünü, suverenliyi və milli maraqları necə qorumağı göstərərək, biz artıq geri dönməyəcək tarixi bir prosesi – çürümüş, ədalətsiz və korrupsiyalaşmış post-Berlin dövlətlərarası əlaqələr modelinin təmizlənməsini başlatmışıq.

1465955

Makron Fransasının böhranı, korrupsiyaya batmış Avropa Parlamentinin uğursuzluğu və marjinallaşmış AŞPA, eyni zamanda ABŞ-də Donald Trampın post-Berlin liberalizminin daim yuxulu olan “məbuduna” qarşı qəti qələbəsi bu tezisi tam təsdiqlədi. 8 avqust 2025-ci ildə Vaşinqtonda Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanması isə neokommunistlərin, sosialistlərin, digər sol qlobalistlərin və ultra-liberalların insanları bölmək və ölkələr üzərində hökmranlıq etmək arzularına nöqtə və nida işarəsi qoydu.

Əlbəttə ki, bütün bunları anlamaq və sakitləşmək zamanı gəlib çatsa da, öz ölkələrində kifayət qədər nüfuz və təsirə malik olmayan kiçik ultra-radikal, solçu və kommunistpərəst bir qrup insanlar AŞPA-da birləşərək, uzun illərdir ki, bu təşkilatı öz maraqlarına xidmət edən, nə söz azadlığının, nə də dəyərlərin olduğu bir kluba çeviriblər.

Bu qurumda insanlara və ölkələrə çoxdan hamı tərəfindən rədd edilmiş bir iradəni diktə etmək istəyindən başqa heç nə yoxdur. Kommunist Kokslar, sosialist Şvabelar və mövqesiz Rusopoloslar AŞPA-nın boş zalında oturub mükafatlar paylayaraq, öz pafoslu əzəmətləri haqqında fikirlərə dalarkən, dünya Azərbaycan xalqının ədalətsizlik və şər üzərində Böyük Qələbəsindən qaynaqlanan yeni bir reallıq qurur.

Səməd Seyidov
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə