Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) 7-ci Zirvə Toplantısı keçirilib. Tədbirdə Avropada ümumi təhlükəsizlik, ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik, miqrasiya və digər məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib və bir sıra görüşlər keçirib.
Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Vaşinqton görüşü sülh prosesində yeni mərhələnin əsasını qoydu, burada olan məsələlər Ermənistanın “ev tapşırığı”dır, halbuki iki ölkənin liderləri və nümayəndə heyətləri tərəfindən təcili müzakirə edilməli olan aktual məsələlər artıq mövcud deyil:
"Kopenhagen görüşündə tərəflər Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğuladılar, Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, nəqliyyat əlaqələrinin region üçün faydalarını qeyd etdilər, Azərbaycanda infrastrukturun inkişafı və Ermənistanda TRIPP layihəsi üzrə davam edən irəliləyişləri müzakirə etdilər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi apardılar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, qarşılıqlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bu görüş sülh prosesində yeni mərhələnin əsasını qoydu, burada olan məsələlər Ermənistanın “ev tapşırığı”dır, halbuki iki ölkənin liderləri və nümayəndə heyətləri tərəfindən təcili müzakirə edilməli olan aktual məsələlər artıq mövcud deyil".
Deputatın sözlərinə görə, bu fikri təsdiqləmək üçün dünən Ermənistanın Milli Assambleyasında “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən hazırlanmış "Azərbaycanla sülhün bərqərar olunması haqqında" bəyanat qəbul edilib:
"Bəyanatda bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri tərəfindən imzalanmış sazişlərin əsasında duran prinsiplər öz əksini tapıb. Ermənistan parlamenti iki ölkənin cəmiyyətini, eləcə də siyasi və ekspert dairələrini münaqişəni yenidən alovlandıran diskurs və hərəkətlərdən çəkinməyə çağırıb.
Sülh prosesinin hazırkı durumu Azərbaycanın öz ədalətli mövqeyini müdafiə etmək, qlobal miqyasda geosiyasi çəkisini və nüfuzunu gücləndirmək istiqamətində məqsədyönlü səylərinin nəticəsidir.
Belə ki, 2022-ci ildə Praqada keçirilən ASB-nin ilk Zirvə Toplantısında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Bakı Avropa İttifaqının Azərbaycana "casusluq" missiyasını genişləndirmək planlarını alt-üst etdi. Daha sonra Prezident İlham Əliyevin vasitəçilərin neytrallığı ilə bağlı prinsipial mövqeyi onun Qranada sammitində iştirakdan imtina etməsinə səbəb oldu və Fransa burada münaqişənin ədalətli həlli ilə bir araya sığmayan öz gündəmini tətbiq etməyə çalışdı.
Sonrakı illərdə diqqət enerji və infrastruktura yönəldi: Oksford sammitində İlham Əliyev Azərbaycanın etibarlı enerji təchizatçısı kimi strateji əhəmiyyətini vurğuladı və 2027-ci ilə qədər Aİ-yə qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağa hazır olduğunu bildirdi. Tiranada cənab Prezidentin mövqeyi Orta Dəhlizin inkişafı kontekstində qəbul olundu və ölkəmizin əsas nəqliyyat və enerji qovşağı statusunu təsdiqlədi. rəsmi Bakının qətiyyətli siyasəti Ermənistanla Azərbaycan arasında nizamlanma məsələsini tədricən ASB formatından çıxarıb və bu məsələnin yalnız ikitərəfli təmas əsasında mümkün olduğunu sübut edib".
Parlamentari sonda qeyd edib ki, Azərbaycan ildən-ilə təkcə Avropada deyil, həm də qlobal səhnədə getdikcə daha vacib oyunçuya çevrilir və ASB-nin Zirvə Toplantıları sülh danışıqlarının yekun mərhələsi fonunda Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın müzakirəsi və genişləndirilməsi üçün əlverişli platforma kimi çıxış edə bilər.