3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli, qalib, bütövləşən Azərbaycan dövlətinin təməli qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan siyasi gərginlik, hakimiyyətsizlik tariximizin qara səhifəsi kimi daim vərəqlənir. O dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı faciələrlə, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Belə çətin bir dövrdə xalq öz xilaskarına- Ümummilli Lider Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi böhranın baş alıb getməsi, torpaqlarımızın işğalı xalqın sabaha ümidini itirmişdi. Həyatının mənasını dövlətinə, xalqına xidmətdə görən, hər zaman Azərbaycanın bu günü və gələcəyi barədə düşünərək biri-birindən mühüm addımlar atan Ulu Öndər Heydər Əliyev xalqını yenə də tək qoymadı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixinin mühüm səhifəsini yazdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.
Müasir tariximizə Ümummilli Lider Heydər Əliyevin qayıdışı kimi daxil olan dövr Azərbaycanın sabitlik diyarına çevrilməsi, iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və sair kimi mühüm uğurlarla xarakterizə olunur. 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ümummilli Lider andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.
Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq: “Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında mühüm amil oldu.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir: “Ümummilli Lider qısa müddətdə Azərbaycana investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.
Xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu: “Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu Öndər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.
1993-2003-cü illərdə bütün sahələrdə yaradılan möhkəm təməl Azərbaycanın son 22 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ən yüksək zirvələri fəth etməsini, Zəfərlərə imza atmasını şərtləndirdi: “2003-cü ilin 1 oktyabr tarixində Ümummilli Liderin Azərbaycan xalqına müraciəti ölkəmizin bugünkü və gələcək inkişafının əsası oldu. Dahi şəxsiyyət böyük əminliklə qeyd etdi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq. Cənab İlham Əliyevə Özü qədər inanır.
2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamının nəticələri göz qabağındadır. Onları sadalamaqla bitməz. Ümummilli Liderin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Daim böyük əminliklə bildirirdi ki, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu gerçəkləşdirdi və 2020-ci il noyabr ayının 8-də Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. 2023-cü il “Heydər Əliyev İli”nə təsadüf edən bu Zəfərimiz cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin yerinə yetirildiyinin təsdiqi oldu. Azərbaycanın həyatında yeni dövr başladı. Bu gün qürurla tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlardan, Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsindən, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edirik. Bütün uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.
Malik Həsənov
Milli Məclisin deputatı