“Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündən ötən dövr ərzində Türk dünyasının birliyi istiqamətində atılan addımları, təşkilatın beynəlxalq nüfuzunun artırılmasına yönələn səyləri, əldə olunmuş nailiyyətləri müzakirə etdi və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər.
Zirvə Görüşünün sonunda qəbul olunan Bəyannamə Türk Dövlətləri Təşkilatının siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi. Təbii ki, keçirilən hər bir Zirvə Görüşü ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi üzv qəbul ediliblər. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib. Təşkilatın XII Zirvə Görüşü artıq tarixə yazıldı.
Qəbələ şəhərindən Türk dünyasının birliyinin dünyaya çatdırılması bir daha bu həmrəyliyin gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu təsdiqlədi. Zirvə Görüşündə çıxışını “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi” fikirləri ilə başlayan dövlətimizin başçısı İlham Əliyev tədbirin məhz bu məkanda keçirilməsini şərtləndirən amilləri diqqətə çatdırdı.
Təşkilatın digər üzvləri də Azərbaycanın bu birlikdə lokomotiv funksiyasını yerinə yetirdiyini təsdiqləyirlər. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Məhz bu təşəbbüslər nəticəsində təşkilat formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.
Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və Türk Dövlətləri Təşkilatının vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident İlham Əliyev həmin Zirvə Görüşündə bildirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu çağırış türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu. Ötən ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə qeyri-rəsmi Zirvə Görüşü də təşkilatın inkişafına mühüm töhfə oldu.
Dövlət başçısı İlham Əliyevin Qəbələ Zirvə Görüşündə çıxışı Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələrin, təşkilatın gələcəyi ilə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Cənab İlham Əliyev bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir. Bu məqam da xüsusi qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qaldı.
Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması, təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə möhkəm əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq hərbi təlimlər keçirilib. Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.
Tranzit imkanların ölkələr arasında yeni körpülərin qurulmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Cənab İlham Əliyevin çıxışında 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etməsi də bu tərkibdəndir. Qəbul edilən hər bir qərar, irəli sürülən təşəbbüslər ümumilkdə Türk birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Hazırkı dövrdə azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də bu birliyi özündə təcəssüm etdirir. Füzuli rayonunda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir. Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü çərçivəsində Qəbələdə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlinin qoyulması növbəti qardaş dəstəyi oldu. Dövlətimiz, xalqımız bu dəstəyi daim yüksək dəyərləndirir.
Hər bir Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı olur. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Malik Həsənov
Milli Məclisin deputatı