Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşması və yeni iqtisadi güc mərkəzlərinin meydana çıxması fonunda Türk Dövlətləri Təşkilatının (TDT) artan strateji rolu onu diqqət mərkəzinə çevirir.
TDT yalnız ortaq tarixi və mədəni köklərə əsaslanmır, təşkilat həm də siyasi sabitlik, iqtisadi inteqrasiya, təhlükəsizlik və enerji əməkdaşlığı baxımından yeni güc balansının əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışında qeyd olunan məqamlara diqqət yetirərək sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu xüsusi vurğuladı.
Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi müasir dövrdə artıq zərurətə çevrilib. Qlobal siyasətdə parçalanmaların çoxaldığı, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyinin strateji əhəmiyyətinin artdığı bir dövrdə türk dünyasının qlobal səviyyədə real siyasi və iqtisadi güc amilinə əsaslanan rəqabətqabiliyyətli platformaya çevrilməsi olduqca önəmlidir.
Regional sabitliyin qorunması, terrorizm və separatizmə qarşı birgə mübarizə, informasiya təhlükəsizliyinin gücləndirilməsi və hərbi əməkdaşlığın dərinləşdirilməsi TDT-nin əsas prioritetlərindəndir. Bu xüsusda, dövlətimizin başçısının 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi mühüm strateji əhəmiyyət daşıyır. Bu, həm ortaq müdafiə mexanizmlərinin gücləndirilməsinə, həm də türk dövlətləri arasında qarşılıqlı etimad və koordinasiyanın dərinləşməsinə xidmət edəcək.
Təşkilata üzv ölkələr arasında nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı üzrə mühüm addımların atıldığını vurğulayan Şahin İsmayılov deyib ki, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları türk dünyasını Qərb və Şərq, Şimal və Cənub istiqamətində birləşdirən qlobal logistika qovşağına çevirir. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması yalnız regional deyil, beynəlxalq müstəvidə strateji hadisədir. Bu dəhlizin fəaliyyəti türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək, Avrasiya məkanında yük daşımalarının səmərəliliyini artıracaq.
Azərbaycan ilə təşkilata üzv ölkələr arasında enerji sektorunda olduqca səmərəli əməkdaşlığın qurub.
Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli enerji layihələrini qeyd etmək lazımdır. Bu təşəbbüslər Avropanın enerji xəritəsini yenidən formalaşdırıb. Bu gün Azərbaycan qazı dünyanın 14 ölkəsinə ixrac olunur. Son olaraq Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəql olunması da əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik hadisədir.
Yaşıl enerji əməkdaşlığının da TDT-nin gələcək iqtisadi gündəliyinin əsas istiqamətlərindən biri olduğunu söyləyən komitə sədri qeyd edib ki, Orta Asiya ölkələrindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qədər uzanan yaşıl enerji dəhlizi həm enerji təhlükəsizliyi, həm də ekoloji dayanıqlılıq baxımından mühüm strateji layihədir.
Azərbaycan Prezidentinin təşəbbüslərinin TDT-nin daha güclü, sabit və nüfuzlu təşkilat kimi formalaşmasında mühüm rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi türk xalqlarının ortaq mədəni irsinin qorunması, türkologiyanın elmi inkişafının dəstəklənməsi və gənc nəslin milli kimlik ruhunda yetişdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri