Modern.az

Deputatların musiqi zövqü: kim klassikanı, kim popu, kim roku sevir...

Deputatların musiqi zövqü: kim klassikanı, kim popu, kim roku sevir...

Parlament

13 Oktyabr 2025, 14:11

Deputatlar cəmiyyətin daim diqqət mərkəzində olan simalarıdır. Onların çıxışları, siyasi baxışları, qərarları qədər şəxsi maraqları və zövqləri də ictimai maraq doğurur. Gərgin iş qrafikinə, siyasi məsuliyyətə baxmayaraq, parlament üzvləri də musiqidən uzaq deyillər. Belə ki, kimisi klassik və xalq musiqisində sakitlik tapır, kimisi də  müasir ritmlərlə ruhunu dincəldir.

Modern.az saytı deputatları sorğu-sual edərək, onların musiqi zövqünü öyrənib. Nəticələr göstərir ki, siyasət arenasında fərqli mövqeləri təmsil edən deputatları birləşdirən ortaq məqamlar var. 

Elnarə Akimova bildirib ki, musiqi seçimi daha çox ovqatla bağlıdır.

“Musiqi seçimim əsasən ovqatıma bağlı məsələdir. Bəzən klassik və xalq musiqisini dinləməyə ehtiyac duyuram, bəzən isə pop musiqi ifaçılarını seçirəm. Müasirlərdən İlkin Əhmədov, Mirələm Mirələmov Murad Laçını dinləməyi xoşlayıram. Onların ifaları insana həzin, xoş duyğu bəxş edir”.

Deputat son vaxtlar yeni bir musiqi kollektivini də maraqla izlədiyini bildirib:
“Son vaxtlar "Habil Məmmədov və şagirdləri" qrupunu dinləyirəm. Onlar uğurlu tandemdilər”.

E.Akimova deyib ki, bəzi sənətçilərin yaradıcılığı onun üçün əbədi dəyər daşıyır:

“Amma bir neçə müğənni var ki, onlar mənim üçün əbədi sevgidir və daim mənimlədir. Odissey öz İtaka adasına qayıdan kimi, mən də müxtəlif, dəyişkən musiqi trendlərindən adlayıb bu üç sənət azmanının intəhasızlığında ruhumu dincəldirəm - Sezen Aksu, Zerrin ÖzerAhmet Kaya”.

Razi Nurullayev də musiqiyə olan münasibətindən danışıb. Deputat bildirib ki, o, hər gün musiqi dinləyir və bu,  onun həyatında mühüm yer tutur:

“Musiqini sevirəm, hər gün telefonumda, televizorda və boş vaxtlarımda müxtəlif musiqiləri dinləyirəm. Mənim meylim daha çox klassik musiqiyədir, çünki bu musiqilər mənə sakitlik gətirir. Qarşıma çıxan yerli və xarici ifaçıların mahnılarını da dinləyirəm. Əgər xoşuma gələrsə, yadda saxlayıram və zaman-zaman yenidən qulaq asıram”

Razi Nurullayev Azərbaycan musiqisinə də böyük rəğbət bəslədiyini qeyd edib:

“Azərbaycanın çox gözəl mahnıları var, hamısını dinləyirəm. Amma konkret bir müğənninin adını çəkmək istəmirəm. Musiqi xoşuma gələndə dinləyirəm. Müğənnilərin şəxsi həyatı və problemləri ilə maraqlanmağa isə vaxtım olmur”.

Deputat bəzi sevdiyi ifaları da yada salıb:

“Məsələn, Aygün Kazımovanın mahnıları qarşıma çıxanda qulaq asıram. Çinarə Məlikzadənin üç mahnısını yadda saxlamışam, xüsusilə “Mən özüm gedərəm” mahnısını tez-tez dinləyirəm”.

Razi Nurullayev TikTok platformasında yeni musiqiləri də izlədiyini deyib:

TikTok-da çox sayda istedadlı ifaçılarla rastlaşıram. Bəziləri popuri oxuyurlar, çox gözəl səsləri və səhnə mədəniyyətləri var. Adlarını yadda saxlaya bilmirəm, amma aralarında doğrudan da çox yaxşı ifaçılar var”,- deyə o sonda qeyd edib. 

Elçin Mirzəbəyli gənclik illərindən bu günə qədər olan musiqi zövqü barədə danışıb.

“Gənclik illərimdə daha çox rok dinləmişəm. "Pink Floyd", "Nazareth", "Deep Purple", "Scorpions" kimi qrupların kompozisiyalarına qulaq asırdım və bu gün də imkan düşdükcə, yenidən dinləyirəm. Klassik musiqini, o cümlədən muğamı çox sevirəm. Amma klassik musiqilər üzərindən ifrat improvizasiyaları xoşlamıram. Səsinin gücünü göstərmək üçün səsini başına atan, keyfiyyətsiz musiqi ifa edənləri isə dinləmirəm”.

Deputatın fikrincə, musiqi seçimi insanın duyumu, zövqü və tərbiyəsi ilə sıx bağlıdır:

“Musiqi duyumla, zövqlə, ovqatla və ən önəmlisi, tərbiyə ilə bağlı məsələdir. Hər bir insanın musiqi zövqü uşaqlıqdan, gənc yaşlarından formalaşır. Orta məktəb illərində müəllimlərimlə birlikdə, eləcə də boş vaxtlarımda Bethoven, İohann Sebastian Bax, Volfhanq Amadey Motsart, Cüzeppe Verdi, Üzeyir Hacıbəyli, Fikrət Əmirov kimi bəstəkarların əsərlərini dinləyirdim. Tələbəlik illərində isə müəllimlərim Şəfiqə Məmmədova Gülşən Mirzəbəyovanın tövsiyə etdiyi əsərlərə qulaq asırdım”.

Elçin Mirzəbəyli qeyd edib ki, iş rejimi səbəbindən indi çox vaxt təsadüfi musiqilərlə qarşılaşır:

“Həyatımız, iş rejimimiz elədir ki, günümüzün əhəmiyyətli hissəsi yollarda və tədbirlərdə keçir. Bəzən təsadüfi, bəzən də başqasının zövqünə uyğun ifaları dinləməli oluruq”.

Deputat bildirib ki, Azərbaycan musiqisinin ladından uzaqlaşmayan, səsi və ifası ilə fərqlənən sənətçiləri dinləməyi sevir:

“Azərbaycan musiqi ladından kənara çıxmayan, fərqlənmək üçün hoqqabazlıq etməyən, səsinin rəngi və ürəyi gözəl olan bütün müğənniləri dinləyirəm. Onların arasında müxtəlif yaş qruplarından olan ifaçılar var. Aybəniz Haşımova, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Təyyar Bayramov, Samir Cəfərov, Səbinə Ərəbli, Abgül Mirzəliyev və başqalarını imkan düşdükcə dinləməyə çalışıram”.

Elçin Mirzəbəyli həmçinin bəzi yerli müasir musiqi qruplarına və rep ifaçılarına da qulaq asdığını deyib:

“Bundan başqa, "Qara Dərviş", "Dərviş Band" kimi yerli rok qruplarının, eləcə də Okaber və Orxan Zeynallının ifalarını da dinləyirəm”.

Arzuxan Əlizadə dinlədiyi musiqilər haqqında danışarkən bildirib ki, o, həm klassik Azərbaycan musiqisinə, həm də dünya səhnəsində tanınmış ifaçılara maraq göstərir:

“Xüsusilə Flora Kərimova, mərhum Yalçın Rzazadə kimi korifey sənətkarlarımızın ifalarını çox sevirəm” - deyə deputat bildirib.

Arzuxan Əlizadə həmçinin müasir ifaçılara da diqqətlə qulaq asdığını deyib:

Aygün Kazımova, Brilliant Dadaşova, Röya və digər müasirlərimizin mahnılarını da bəyənirəm. Muğam və peşəkar aşıq musiqisini də dinləməyi sevirəm”.

O, musiqi seçimində janr məhdudiyyəti qoymadığını, əsas olanın musiqinin ruha toxunması olduğunu bildirib:
“Zövqlər fərqlidir, amma mənim üçün əsas odur ki, musiqi keyfiyyətli və səmimi olsun. Azərbaycan musiqisini sevirəm, amma klassik xarici musiqiləri də dinləyirəm. Məsələn, “Ennio Morrikone”nin əsərlərini çox bəyənirəm. “Boney M.”, “ABBA”, “Demis Russos” kimi qrupların mahnıları isə mənim üçün nostalji dəyərinə malikdir”.

“Təəssüf ki, indi vaxt azdır, çox musiqiyə qulaq asa bilmirəm. Amma avtomobildə olarkən mütləq musiqi açır, günün yorğunluğunu onunla çıxarıram”, – deyə o sonda qeyd edib. 

Ceyhun Məmmədov deyib ki, gənclərin getdikcə daha çox xarici və bayağı musiqilərə qulaq asmaları ciddi narahatlıq doğurir, o, özünün daha çox klassik və xalq musiqilər dinlədiyini vurğulayıb:

Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev davamlı dinlədiyim musiqiçilərdəndir. Müasirlərdən isə Alim Qasımov, Nəzakər Teymurova, Mənsum İbrahimov, eyni zamanda Çinarə Məlikzadənin adlarını çəkə bilərəm.  Bunlarla yanaşı, İlkin Əhmədov, Mirələm Mirələmov, Ehtiram Hüseynov, Almaxanımı qeyd edə bilərəm”, – deyə deputat bildirib. 

Fazil Mustafa bildirib ki, sənətə münasibətdə tutucu yanaşması yoxdur və musiqidə əsas meyar onun insanda yaratdığı hiss və zövqdür. O zamanla ayaqlaşan musiqiçiləri bəyəndiyini bildirib:

Flora Kərimova köhnələ bilməz. O, səhnəyə çıxmasa belə, musiqilərini hələ də geniş auditoriya dinləyir və sevir. Eyni sözləri 30–50 il əvvəl dinlənilən Şövkət ƏləkbərovaRəşid Behbudov üçün də demək olar”.

Deputatın fikrincə, musiqidə nəsil bölgüsü deyil, zövqü tamamlayan səs önəmlidir. O həmçinin mahnı sözlərinin keyfiyyətinə diqqət çəkib:

“Musiqidə yeni və köhnə nəsil anlayışı yoxdur. Musiqidə bugünkü zövqü tamamlayan səslər var. Amma təəssüf ki, Azərbaycanda ən gözəl mahnıların belə sözlərinin mənası çox vaxt tamamlayıcı səviyyədə olmur”, – deyə o bildirib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası