İlkin səhiyyə xidmətləri istənilən icbari tibbi sığorta sistemi üçün ən vacib və qoruyucu rol oynayan sahədir. Hazırda Azərbaycanda bu sistem qurulma mərhələsindədir və təbii ki, müəyyən çətinliklər mövcuddur. Əsas problemlərdən biri isə kadr çatışmazlığıdır.
Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bu istiqamətdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə müzakirələr aparıb və layihə hazırlanıb. Təkliflər əsasən Azərbaycan Tibb Universitetinə və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yönəlib. Düşünülən modellərdən biri baza tibb təhsilini bitirib, bir il internatura mərhələsini keçmiş ailə həkimlərinin hazırlanması ilə bağlıdır. Bu, məsələnin akademik hissəsidir” – deyə o qeyd edib.