Modern.az

Konstitusiya günü dövlətçilik bayramıdır

Konstitusiya günü dövlətçilik bayramıdır

Parlament

12 Noyabr 2025, 12:00

Konstitusiya tarixi minilliklərə dayanan dövlətçilik ənənələrimizin çağdaş dövrün tələbləri üzərində tərtib olunmuş yeni formasıdır. Qədim zamanlardan etibarən türk torpaqlarında idarəçilik bir sıra digər sivilizasiyalarda olduğu kimi mütləq hakimiyyətçiliyə əsaslanmayıb, xalqın iradəsinə uyğun şəkildə formalaşıb.

Qədim türk tayfaları, tayfa birləşmələri, erkən dövr türk dövlətləri və nəhayət orta əsrlərin türk imperiyaları xalq tərəfindən dəstəklənən, xalqın mənafeyini və hakimiyyətin ədalətini özündə əks etdirən Törələr əsasında idarə olunub. Odur ki, qədim türk sivilizasiyasında cəmiyyətin qul və quldar, eləcə də qadın və kişi zümrələrinə bölünməsi və birinin digəri tərəfindən mütləq istismarı kimi insanlığa zidd münasibətlər möbcud olmayıb. Bu Törələrin humanistliyi və ədaləti minillər ərzində böyük türk coğrafiyasına yayılıb, müasir türk mədəniyyətinin universallaşmasına və sivilizasiya keyfiyyətləri əldə etməsinə səbəb olub. Odur ki, bu gün dünyada mövcud olan bütün türk dövlətləri minillər ərzində formalaşmış dövlətçilik ənənələrinin əsasında öz müasirliyini və insanpərvərliyini özlərinin Konstitusiyalarında əks etdirirlər.

Konstitusiya xalq tərəfindən yaradılan dövlətin idarəçilik fəlsəfəsini özündə əks etdirir, onun hakimiyyət qolları arasında ədalətli şəkildə bölünməsini təmin edir və hər bir hakimiyyət strukturunun funksiyalarını müəyyənləşdirir. Konstitusiya dövlətin hüquqi əsasını təşkil edir və dövlətimizin özünəməxsus statusununu təmin edir. Bu baxımdan Konstitusiyamızı Azərbaycan Respublikasının pasportu hesab etmək olar. Bir sözlə, Konstitusiya beynəlxalq arenada milli dövlətin kimliyini təyin etməklə yanaşı həm də bu dövlət çərçivəsində xalqın universal insan haqlarına söykənən milli qanunlar əsasında azad və firavan yaşamaq, yaratmaq, çalışmaq, təhsil almaq və s. kimi universal hüquqlarını təsbit edir. Konstitusiya ölkə daxilində sabitlik və inkişaf üçün möhkəm zəmin yaradılmasına xidmət edən Əsas qanunların məcmusudur. Odur ki, bu sənədi Ana Yasa və ya Ali Qanun da adlandırırlar.

Azərbaycan Respublikasının sonuncu Konstitusiyasının qəbul olunmasından 30 il keçir. Bu 30 il ölkəmizin həyatında heç də hamar keçməyib. Ərazisinin 20 %-i işğal altında olmasına baxmayaraq dövlətimiz məhz bu Konstitusiyaya əsaslanaraq ölkədə ictimai – siyasi, iqtisadi-sosial və mədəni inkişaf üçün əlverişli şəraiti təmin edib. Bu müddət ərzində dövlətimiz dünya siyasi və iqtisadi sistemlərinə uğurlu şəkildə inteqrasiya etməyə nail olub. Məhz by Konstitusiyanın Azərbaycan xalqına verdiyi hüquq və təminatlar çərçivəsində xalqımız işğal olunmuş torpaqlarımızı azad edib, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində suverenliyimizi bərpa edib. Ona görə də Konstitusiyamızı dövlət müstəqilliyinə və insan haqlarına sədaqəti, uğurlu dövlət quruculuğuna və davamlı inkişafa zəmanəti baxımından müstəqillik tariximizin bütün sınaqlarından çıxmış mükəmməl Ali Qanunumuz kimi dəyərləndirmək olar.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün rəhbərliyi ilə hazırlanmış və 30 il öncə qəbul olunmuş Konstitusiyamız hələ uzun illər Azərbaycan dövlətinin və xalqının hərtərəfli inkişafını təmin etmək üçün tələb olunan bütün hüquq və vəzifələri mükəmməl şəkildə özündə əks etdirir.Ölkəmizdə Konstitusiya günü kimi qeyd edilən 12 noyabr hər bir Azərbaycan vətəndaşı üçün sözün əsl mənasında bayramdır. Bu hər bir vətəndaşın bütün universal hüquqlara sahibliyini təsdiq edən əsil dövlətçilik bayramıdır. Bu bayram münasibətilə hər bir Azərbaycan vətəndaşını təbrik edirəm, firavan həyat və əbədi müstəqillik arzulayıram.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR