Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanmışdır. Bunların 50-si artıq tamamlanıb və təhvil verilmişdir. Bunlardan 5-i tammetrajlı filmdir və burada, dəyərli millət vəkillərimizin bəzilərinin qaldırdığı məsələyə cavab olaraq elə qeyd edim ki, çəkilən filmlərdən 15-i məhz Vətən müharibəsinə və Qarabağa həsr edilmişdir. Hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı böyük filmin də çəkiliş prosesi davam edir.
Modern.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Nazir müavini bildirib ki, kino sənayesinə ayrılan vəsait həm də ölkəmizin filmlərinin beynəlxalq festivallarda təmsil olunmasına, təqdim olunmasına, eyni zamanda ölkəmizdə beynəlxalq kino festivalının keçirilməsinə sərf olunur.
“Azərbaycan artıq 3 ildir ki, beynəlxalq kino festivalına ev sahibliyi edir. Son 2 ildə 30-a yaxın filmimiz beynəlxalq kino festivallarında iştirak edib, o cümlədən Kann və Venesiya kimi nüfuzlu festivallarda.
Bundan başqa, animasiya ilə bağlı da məsələ qaldırıldı. Məlumat üçün qeyd edim ki, artıq 7 animasiya filminin çəkilişləri yenə də Azərbaycan Kino Agentliyi tərəfindən davam etdirilir. Onlardan biri artıq təhvil verilmişdir.
“Yeni istiqamətlərdən biri Mədəniyyət Nazirliyi tərəfindən tarixi filmlərimizin çəkilməsidir. Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur. Eyni zamanda Türkiyənin təcrübəsinin öyrənilməsi üçün, araşdırılması üçün bir neçə gün əvvəl Azərbaycan Respublikası Kino Agentliyinin rəhbərliyi tərəfindən Türkiyədəki bir sıra pavilyonlar - tarixi filmlərin çəkildiyi pavilyonlar şəxsən əyani şəkildə ziyarət olunmuşdur” – deyə nazir müavini bildirib.