Modern.az

Azərbaycan dili və ədəbiyyatı fənninin saatları artırılmalıdır - DEPUTAT

Azərbaycan dili və ədəbiyyatı fənninin saatları artırılmalıdır - DEPUTAT

Parlament

13 Noyabr 2025, 13:50

Büdcənin bölgüsü göstərir ki, ən böyük pay hər zaman olduğu kimi ümumi təhsilə ayrılıb. Bu, əlbəttə ki, orta məktəb səviyyəsində tədris keyfiyyətinin yüksəldilməsi, müəllimlərin əmək haqlarının artırılması və infrastrukturun güclənməsi üçün nəzərdə tutulub.

Lakin bu sahədəki əsas problem təkcə maliyyə deyil, həm də idarəetmə effektivliyidir. Ayrılan vəsaitlərin real əticəyə çevrilməsi üçün nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.


Modern.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz tədrisdə bu gün daha məqsədyönlü və azərbaycançılıq ruhunu ifadə edən bir inkişaf modelini tətbiq etməliyik. Əslində, son 30 ildə bu istiqamətdə müəyyən addımlar atılıb, lakin bu xətt daha da gücləndirilməlidir.

Xüsusi ilə orta məktəb dərsliklərində, xüsusilə Azərbaycan dili və ədəbiyyatı fənlərinin saatlarının artırılmasına ehtiyac var. Amma bir reallıq da var ki, əgər biz bu gün hələ də dərs yükünün ağırlığını azalda bilməmişiksə, o zaman alternativ olaraq milli ədəbiyyat nümunələrinin elektron arxivinin yaradılmasına üstünlük verilməlidir.

Çünki Azərbaycan dilində ədəbiyyatın oxunması və mütaliə vərdişinin formalaşdırılması həm mənəviyyat, həm də dilin inkişafı baxımından mühüm vasitədir. Prezident də Akademiyada çıxışında qeyd etdi ki, Azərbaycan dilinə xüsusi önəm verilməli, onun səlisliyi və zənginliyi qorunmalıdır”.

Elnarə Akimovanın, həmçinin regionlarda müasir laboratoriya mərkəzlərinin yaradılması və gücləndirilməsi ilə bağlı təklifləri olub:
“Bu gün bir çox fənlər: biologiya, kimya, fizika , əsasən yalnız nəzəri şəkildə tədris olunur. Məktəblərdə praktiki bacarıqların formalaşması üçün müasir laboratoriyaların qurulması, şagirdlərin elmi marağını artmasına və onları gələcək əmək bazarına daha yaxşı hazırlayacaq” – deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?