Modern.az

Kənd təsərrüfatı inkişaf etməsə, nə bölgə qalacaq, nə də məktəblər - DEPUTAT

Kənd təsərrüfatı inkişaf etməsə, nə bölgə qalacaq, nə də məktəblər - DEPUTAT

Parlament

13 Noyabr 2025, 15:02

Bölgələrin əhəmiyyətli hissəsinin əhalisinin gəlirləri məhz aqrar sektordan, kənd təsərrüfatındandır. Əgər kənd təsərrüfatı inkişaf etmirsə, insanlar gəlir əldə etmirlərsə, öz ərazilərini, yaşadıqları yeri tərk edirlər. Bu da təbii ki, həm ailələrə, həm də son nəticədə təhsilə təsir göstərir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclası zamanı deputatı Elçin Mirzəbəyli parlamentin Aqrar siyasət, Ailə, qadın və deyib.

Millət vəkili xatırladıb ki, Ağsu rayonunda artıq məktəblərdə bir neçə sinfin birləşdirilməsi və yaxud məktəblərin birləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür:

“Bunun alternativi yoxdur. Bu baxımdan da birinci növbədə, şübhəsiz ki, aqrar sektorunun inkişafı istiqamətində real təkliflərin həyata keçirilməsi, təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımlar atmaq lazımdır. İndiyə qədər qeyri-qanuni şəkildə zəbt edilmiş ərazilərə yenidən nəzər salınmalı və kəndçinin yenidən öz torpağına qaytarılması istiqamətində müvafiq addımlar atılmalıdır. Kəndlərin boşalmaması üçün birinci növbədə subsidiyalardan daha önəmli məqam konkret layihələr üzrə, konkret təkliflər üzrə, biznes planlar üzrə iş yerlərinin açılması və iş yerlərinin maliyyələşdirilməsidir”.

Parlamentari vurğulayıb ki, daxili bazarın qorunması ilə bağlı proteksionizm siyasəti önəmlidir:

“Amma daxili bazar olacaqsa, yəni nəticə etibarilə bu gün ölkə istər ərzaq sektoru sahəsində, istərsə də digər sahələrdə prinsip etibarilə vətəndaşlarını təmin etmək iqtidarında deyil. Proteksionist siyasət nəticə etibarilə həm də ölkəyə daxil olan vəsaitlərin azalmasına imkan yaradacaq. Yəni nəticə etibarilə gömrük rüsumları azalacaq. Bu da istər-istəməz öz növbəsində büdcəyə təsirini göstərəcək. Ona görə də birinci növbədə daxili istehsalı artırmaq və bundan sonra artıq konkret olaraq ayrı-ayrı sahələrə uyğun şəkildə müvafiq addımların atılmasına ehtiyac var”.

E.Mirzəbəylinin sözlərinə görə, sosial proqramlar əsasında, o cümlədən “DOST” mərkəzləri vasitəsilə insanlara müəyyən iş yerləri açılmışdı və bunlar müəyyən bir zaman kəsiyində birdən-birə dayandırılıb:

“Mən insanların ələbaxan olmasının tamamilə əleyhinəyəm. İnsanlara iş görməyi, iş yerləri açmağı öyrətmək lazımdır və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Amma bu proses tədrici bir prosesdir. Alternativlər təqdim edilmədən insanların birdən-birə gəlir mənbələrindən məhrum edilməsi özü belə ciddi sosial problemlər ortaya çıxarır. Nəticə etibarilə atılan addımlar özünü doğrultmur və məsələlərə də yeni büdcə çərçivəsində baxılmasının zamanıdır”.

Deputat sonda təmsil etdiyinin rayonun problemlərindən də söz açıb:

“Ağsu rayonunun ən böyük problemlərindən biri içməli su ilə bağlıdır. Və bu problem yeni bir problem deyil, artıq uzun illərdir, davam edir. Xüsusilə də hər il yay aylarında insanlara həftədə 2 saat su verilir. Yəni bu, çox ciddi bir problemdir. İçməli suyun tərkibi də artıq keyfiyyətsizdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?