Modern.az

Azərbaycanın bölgələri ən yüksək standartlara cavab verməlidir

Azərbaycanın bölgələri ən yüksək standartlara cavab verməlidir

Parlament

14 Noyabr 2025, 21:09

“Dövlət başçısı İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etdi. Cənab İlham Əliyev ilk olaraq bu əminliyi ifadə etdi ki, sizə böyük etimad göstərilir və bu etimadı doğruldacaqsınız. Öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.

Təbii ki, etimad böyük məsuliyyətdir. Böyük məsuliyyət isə böyük işlər tələb edir. Cənab İlham Əliyev hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə bu tapşırıqları əsas iş prinsipləri kimi qarşıya qoyur- xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Dövlətimizin başçısının bu çağırışı insan amilinə verilən böyük dəyərin göstəricisidir. Dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Cənab İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşın Prezidenti olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra qarşıya qoyduğu əsas hədəflərdən biri bu oldu ki, biz neft kapitalını insan kapitalına çevirməliyik! Bu çağırış belə əsaslandırıldı ki, bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, bu gün paytaxt Bakımızın və regionlarımızın sürətli inkişafı insan amilinə verilən dəyərin aydın mənzərəsini yaradır: “Dövlət başçısı İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün Bakı və Bakıətrafı qəsəbələrin, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları qəbul olundu və uğurla icra edildi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticəsi hazırda əldə olunan sosial-iqtisadi göstəricilərimizdə özünün aydın ifadəsini tapır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Yeni istehsal müəssisələrinin yaradılması həm ölkənin dayanıqlı inkişafının təmin edilməsində, həm də işsizlik probleminin həllində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bu günədək icra edilən Dövlət Proqramları nəticəsində əldə olunan uğurlu nəticələrdən bəhs etdi. Bildirdi ki, bölgələrimizdə əsas infrastruktur layihələri başa çatıb. Dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır”.

Malik Həsənov cənab İlham Əliyevin görüşdə səsləndirdiyi bu çağırışa xüsusi diqqəti yönəldib: “Dövlətimizin başçısı bildirdi ki, əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb”.

Millət vəkili bildirib ki, dövlətimizin həyata keçirdiyi davamlı islahatlar, ayrı-ayrı sahələr üzrə Dövlət Proqramlarının uğurlu icrası həm ölkənin iqtisadi inkişafına, həm də insanların sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir: “Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir hədəfə yüksək səviyyədə nail olmasına stimul verir. Bu reallıq daim önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Lakin onlar heç də həmin ölkələrə uğur gətirmir. Həmin ölkələrdə əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında hazırlaması belə problemləri yaşamamasını şərtləndirir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açır. Son illər ərzində sayca beşinci sosial paketin icrası da bunun bariz nümunəsidir. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, kiçik və orta biznesin inkişafı istiqamətlərində mühüm nailiyyətlər əldə olunur. Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən də bu məqamı xüsusi qeyd etdi ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir”.

Malik Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr bu hədəfə xidmət edir - Azərbaycanın bölgələri ən yüksək standartlara cavab verməlidir.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!