Modern.az

Vahid iqtisadi təhlükəsizlik konsepsiyası hazırlansın! - TƏKLİF

Vahid iqtisadi təhlükəsizlik konsepsiyası hazırlansın! - TƏKLİF

Parlament

19 Noyabr 2025, 11:38

"Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısa müddətdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirməliyik. Nəzərə almalıyıq ki, makroiqtisadi sabitliyin bir sütunu büdcə dayanıqlığı və maliyyə sabitliyidirsə, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan fiskal, monetar, sənaye və investisiya, başqa sözlə, artım siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq vahid iqtisadi siyasətə ardıcıl bir şəkildə birləşdirilməsi vacibdir".

Modern.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri vurğulayıb ki, büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərclərin müəyyən edilməsi üçün konkret qiymətləndirmə meyarları tətbiq edilə bilər. Büdcə zərfi, mahiyyətcə, maliyyə təhlükəsizliyi tədbirlərindən ibarətdir. Dövrün reallıqlarını və çağırışlarını nəzərə almaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq və su təhlükəsizliyi sahələrini əhatə edən Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanmasını təklif edir.

“Həmçinin büdcə reglamentinin təkmilləşdirilməsi, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanması metodologiyasına, icmal büdcənin struktur komponentlərinə yenidən baxılması ilə bağlı Hesablama Palatasının təhlillərini və tövsiyələrini də əhəmiyyətli hesab edirik. Aparılmış müzakirələrin nəticələrini və Hesablama Palatasının rəyini nəzərə almaqla bildiririk ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi büdcə qanunvericiliyinə tam uyğundur” – sonda o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu