Modern.az

Gələn il qiymətlər artacaq? - Zahid Oruc SORUŞUR

Gələn il qiymətlər artacaq? - Zahid Oruc SORUŞUR

Parlament

19 Noyabr 2025, 15:29

“Cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlib. Halbuki əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu ssenarilər kimi təqdim olunmasın”. 

Modern.az xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya–Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib. 

“2020-ci ildə 5,2 milyon olan seçici sayı 2024-cü ildə 6,45 milyon nəfərə çatıb. Deməli, uzun illərin emiqrasiya axınında əks proses gedir. Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması, iqtisadi mexanizmlərlə onların doğulduqları bölgələrə yönəldilməsi gərəkdir. Orta illik temperaturun iqtisadi zonalar üzrə fərqli olduğunu nəzərə alıb, sərhəd kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təkcə sosial deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyan daxili miqrasiyanı tarazlaşdırar, büdcəyə ciddi itkilər yaşatmazdı”.
“Gələn il yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə suallar var. Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalı barədə aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı” – deyə Z. Oruc çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir. 

“Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir: əhali məskunluğu aparılmadığı bir şəraitdə 500-dən artıq obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu