Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək.
Modern.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bəzi dövlətlərdə, Səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər” – deyə deputat təklif edib.
R. Nəbiyev qeyd edib ki, 2026-cı ilin büdcə siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışlarına uyğun müəyyən edilmişdir:
"Cari “Büdcə zərfində makroiqtisadi və fiskal sabitliyə təsir edən risklər daha geniş təqdim edilmiş, risklərin idarə olunması məqsədi ilə müvafiq mitiqasiya tədbirləri də yer almışdır.
Qlobal və regional çağırışlar fonunda, beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə sahələrində bəzi prioritet istiqamətləri vurğulamaq istərdim.
Bu gün “orta güc” kimi özünü təsdiqləyən Azərbaycan hərbi, müdafiə sənayesi və diplomatiya sahələrində paralel olaraq gücünü artırmaqdadır. Hərbi-sənaye kompleksini müasirləşdirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirir, bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir.
Və büdcəmiz bu sahələrdəki dövlət strategiyasının reallaşdırılması üçün maliyyə qarantıdır.
Qlobal enerji, maliyyə, ərzaq bazarlarında yaranan dalğalanmalar milli iqtisadiyyatlara təsir göstərir. Aktual 120 münaqişə ocağının yaratdığı təhdidlər səbəbindən də dünya əhalisinin hər 8 nəfərindən birinin ərzaq təminatında problem var. Bu çağırışlara rəğmən, Azərbaycan təhlükəsizlik və müdafiə imkanlarını gücləndirir. 2026-cı il büdcəsinin beşdə bir hissəsi (8.7 milyard manat) müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq. Bu, 2024-cü illə müqayisədə 33% çoxdur.
Şanlı zəfərimiz nəticəsində, bölgədə yeni siyasi reallıqlar yaranıb. Azərbaycan Ermənistanı səngərdən diplomatik masaya gətirməyi bacardı. Vaşinqton razılaşmaları Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün təmin edilməsi istiqamətində dönüş yaratdı. Prezident Trampın “Böyük lider”, Prezident Tokayevin “tarixi miqyasda görkəmli dövlət xadimi” kimi dəyər verdiyi Prezident İlham Əliyevin fəaliyyətləri sitat “Azərbaycanın rifahına və beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edir”.
Burada ilk növbədə, beynəlxalq hüququn prinsiplərinin, suverenliyin və ərazi bütövlüyünün təmin olunması nəzərdə tutulur.
Suverenliyin bərpası həm də ona görə vacibdir ki, hazırki dünya nizamının əsasında dövlətlərin suveren bərabərliyi dayanır. 1949-cu il İV Cenevrə Konvensiyası işğal olunmuş ərazi üzərində suverenliyin işğalçıya keçməsini qadağan edir. Beynəlxalq hüquqa görə, Azərbaycan bu gün də 4 anklav kəndimiz üzərində öz suverenliyini saxlayır.
Zəfərimizin regional sülh və təhlükəsizliyin təmininə verdiyi töhfənin miqyasını beynəlxalq bir misalla müqayisədə vurğulamaq istərdim. 1990-cı ildə İraqın işğal etdiyi Küveytin suverenliyi Amerika Birləşmiş Ştatları başda olmaqla onlarla dövlətin qoşulduğu beynəlxalq koalisiya tərəfindən, Avropanın maliyyə dəstəyi ilə təmin edildi. Azərbaycan oxşar missiyanı Prezident İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası əsasında ordumuzun şücaəti, xalqımızın və dövlətimizin gücü hesabına özü yerinə yetirdi.
Təbii ki, bu nailiyyətlər və onların davamlılığının təmini nəhəng maliyyə vəsaiti tələb edir. Təkcə Şərqi Zəngəzur və Qarabağın bərpası və inkişafı üçün 2026-cı il də daxil olmaqla 26.5 milyard manat məbləğində vəsait ayrılıb. Prezidentimiz müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub və167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bu gün qətiyyətlə deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ qlobal miqyasda ən böyük tikinti meydançasıdır. Malik olduğu strateji mövqeyə görə bəzi ərazilərdə yaradılan infrastruktur layihələri dual xarakterlidir, mülki olmaqla yanaşı ölkəmizin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə xidmət edir.
Büdcə layihəsində 549 milyon manat beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrılmışdır. Bu vəsait Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün maliyyə təminatıdır. Prezident İlham Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində Milli Məclisin aktiv parlament diplomatiyasının da töhfələrini qeyd etmək istərdim.
Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək. Bu kontekstdə bir təklifimi səsləndirmək istərdim. Bəzi dövlətlərdə, Səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər".