Əvvəla qeyd edim ki, təqdim olunan sənədlərdə Strategiya ilə bağlı qeyri-maliyyə məlumatlarına az rast gəlinir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Rövşən Muradov bildirib.
"Bu hal sözügedən Strategiya çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunma imkanlarının tam qiymətləndirilməsini məhdudlaşdırır. Növbəti ilin Strateji sənədin sonuncu ili olduğunu nəzərə alsaq, bu məlumatların olması hədəflərlə müqayisəliliyi təmin edə bilərdi. Eyni zamanda DNF-dan transfertlərin cari ilə nisbətən 11,4 faiz və ya 1,6 mlrd. manat az (12,8 milyard manat) nəzərdə tutulması büdcə gəlirlərinə azaldıcı təsir göstərsə də, bu təsirin vergi daxilolmaları ilə kompensasiya olunacağı proqnozlaşdırılır.
Belə ki, büdcə layihəsində gəlirlərin artımına həm bəzi güzəşt və azadolmaların müddətlərinin uzadılmaması, həm vergi dərəcələrinin artırılması, həm də struktur dəyişikliyi (yəni, İTSF-yə gedən bəzi mədaxil mənbələrinin dövlət büdcəsinə yönəldilməsi) təsir etmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, növbəti ildə ƏDV üzrə daxilolmaların həcminin 9,2 mlrd. manatdan yuxarı olacağı proqnozlaşdırılır. Bu göstərici ƏDV-nin dövlət büdcəsinin cəmi gəlirlərində DNF-dan (33%) transfertlərdən sonra 24%-lik payla ən böyük daxilolma mənbəyi olacağını nəzərdə tutur. Cari ildə normativ hüquqi aktlara edilmiş əlavə və dəyişikliklər büdcə layihəsində nəzərə alınıb. Misal olaraq, yeni yaradılmış “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyə təminatının dövlət büdcəsi layihəsində əks olunmasını göstərmək olar.
Belə ki, növbəti ildə Fondun gəlir və xərclərinin 155,0 mln. manat təşkil edəcəyi nəzərdə tutulur. Həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcəkdir. 2026-cı ildə publik hüquqi şəxslərə və dövlət müəssisələrinə ayrılması nəzərdə tutulan vəsaitlər daha detallı və müfəssəl təsnifləşdirilmişdir.
Bu hal budcə layihəsində xəzinədarlığın müşayiəti ilə həyata keçirilən əməliyyatların əhatə dairəsinin artımasını göstərir. Hesablama Palatasının tövsiyələrinin icra edilməsi barədə məlumatlar həm büdcə sənədləşməsində, həm də Hesablama Palatasının rəyində verilib. Beləliklə, çıxışımın sonunda qurumlararası koordinasiyanı yüksək qiymətləndirirəm. Çünki, belə sıx və işgüzar əlaqələr nəticədə büdcə sənədləşməsinin keyfiyyətinin artmasına xidmət edir",-o deyib.