Növbəti ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur. Bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artımı deməkdir (7,8 mlrd. manatdan 17.1 mlrd. manata).
“Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Bu da son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcminin 2,1 dəfə 2,3 mlrd. manatdan 4,9 mlrd. manata artması deməkdir”, - deyə A.Əliyev qeyd edib.