Modern.az

Özəl pensiya fondlarının yaradılsın - Komitə sədri

Özəl pensiya fondlarının yaradılsın - Komitə sədri

Parlament

20 Noyabr 2025, 16:22

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 705 milyon manat civarında artımın müşahidə olunması, eləcə də dövlət büdcəsindən asılılığının nisbətən azalması olduqca müsbət tendensiyadır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Komitə sədri vurğulayıb ki, pensiyalarda nəzərdə tutulan artım, orta aylıq pensiyanın 590 manata, orta yaşa görə pensiyanın isə 629 manata pronozlaşdırılması ölkənin indiki imkanları ilə bağlıdır:

“Büdcənin ağırlığının pensiya təminatına yönəldiyini nəzərə alsaq, yaşa görə pensiya imkanlarının daha da genişləndirilməsinə ehtiyac var.

Hazırda Azərbaycanda 5,1 milyon məşğul əhali qeydiyyatdan keçsə də, bunun yalnız təxminən 30-35%-i rəsmi məşğulluq imkanına malikdir və qeydiyyatdan keçib. Qeyri-rəsmi və müvəqqəti məşğulluq hələ də geniş yayılıb. Çox vaxt yük işəgötürənlərin üzərinə düşür, lakin onların da problemləri kifayət qədər böyük olduğundan, kompensasiya və güzəştlərin məhdud olması səbəbilə minimum əməkhaqqıların artırılması çətinləşir”. 

Millət vəkili bildirib ki, demoqrafik dəyişikliklər də sosial müdafiə fondunun büdcəsinə birbaşa təsir edir. Qarşıdakı illərdə ödnəişlərin daha da aşağı düşəcəyi proqnozlaşdırılır. BMT-nin proqnozlarına görə, 2050-ci ildə 65 yaşdan yuxarı əhalinin artımı hazırkı 9 %-dən 18 %-ə yüksələcək. Bu da orta uzun ömrün bizdə qəbul olunduğu 74,6 faizdən 78,6 faizə qalxması, işləyən əhalinin sayında azalma və pensiya sisteminə daxil olan vəsaitlərin azalması deməkdir.

“Bütün bunlar fonunda cəmiyyətin əsas gözləntilərindən biri pensiya kapitalının varisliyidir. Özəl sektorda çalışanlar arasında bu sahədə aydınlıq və sabitlik istəyi artmaqdadır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı pilot layihələrin həyata keçirilməsi məsələyə müsbət təsir edə bilər. Bu yanaşma, vətəndaşların daha çox stimullaşaraq pensiya sisteminə vəsait ödəməsinə də yol aça bilər.

Ailənin tək işləyən üzvü uzun illər ərzində sığorta haqqı ödəsə də, pensiya yaşına çatmadan vəfat etdikdə onun ailəsi ciddi sosial çətinliklərlə üzləşir. Bu cür halların qarşısını almaq üçün sistemli yanaşmaya və beynəlxalq təcrübəyə uyğun addımlara ehtiyac duyulur.

Həm iqtisadi dalğalanmalar, həm demoqrafik dəyişikliklər, həm də qeyri-rəsmi məşğulluq mövcud pensiya sisteminin davamlılığını risk altına sala bilər. Bu səbəbdən pensiya təminatı sahəsində yeni islahatlara ehtiyac var. Bu vaxta qədər həyata keçirilmiş islahatlar bəzən müəyyən narazılıqlara səbəb olsa da, ümumilikdə sosial sabitliyi təmin edib”. – deyə F.Mustafa vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə