Modern.az

“Xəyanət İttifaqı”nda yer alanların hamısı bir-bir üzə çıxarılacaq!

“Xəyanət İttifaqı”nda yer alanların hamısı bir-bir üzə çıxarılacaq!

Parlament

2 Dekabr 2025, 14:13

Minsk prosesinin tam sona çatdığı və ona bağlı strukturların hamısının əbədi bağlandığı haqda dünən ATƏT-in rəsmi açıqlaması oldu ki, mən bu salondakıları və xalqımızı təbrik edirəm.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü iclasında deyib.

O qeyd edib ki, bunun Ermənistan ordusunun tör-töküntülərinin Laçını tərk etmələrinin beşinci ildönümünü qeyd etdiyimiz günə düşməsində heç şübhəsiz bir rəmzilik var.

"Rəmzilik ilk növbədə ondadır ki, Minsk qrupunun həmsədrlərinin qəti istəməmələrinə rəğmən vaxtında Ermənistan hərbçilərinin Laçından getmələri tələbi qoyulmasaydı, Minsk qrupu heç hara buxarlanan deyildi. Əlbəttə, bu prosesin belə bitməsində son 5 ildə sərt və yumşaq xarakterli, hər iki halda qətiyyətli olduğu qədər də zərgər dəqiqliyi ilə atılan addımlar çox mühüm rol oynadı. Sərt xarakterli addımlar deyərkən mən 2023-cü ili sentyabrındakı antiterror əməliyyatı başda olmaqla bir neçə lokal döyüşü nəzərdə tuturam. İkinci qəbildən addımlar isə Azərbaycan dövlətinin diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq. Əgər bu müddətdə qardaş Türkiyə ilə müttəfiqlik anlaşması imzalanmasaydı, Fransanın BMT Təhlükəsizlik Şurasında, eləcə də bəzi beynəlxalq tədbirlərdə əleyhimizə hazırladığı qətnamələrinin təsdiqlənməsinin önünü kəsməyi bacarmasaydıq, Paşinyana "Qarabağ Azərbaycandır" dedirtməsəydik, Bayden-Blinken cütlüyünün təzyiqlərinə tab gətirməyib geri çəkilsəydik, Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqəsi qurmasaydıq, Ermənistanla sülh müqaviləsinin paraflanmasını cənab İlham Əliyevin təbirincə desək, “dünyanın bir nömrəli ofisi”ndə Ağ evdə, ABŞ prezidentinin şahidliyi altında baş verməsini təmin etməsəydik, bəzi dövlətlər, özəlliklə də Minsk qrupunun iki həmsədri onun buraxılmasıyla razılaşacaqlardımı? Sual ritorikdir, deyilmi?".

Deputat vurğulayıb ki, bütün bunları indi xatırlatmağımın başqa bir səbəbi də var:

"Söhbət Taleyrandan daha xəyanətkar, ancaq onun qədər uzaqgörən olmayan birinin yaradtığı yığnağın reallaşacağı təqdirdə bütün bu uğurlarımızın üstündən xət çəkəcək məkrindən gedir. Mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti “Xəyanət İttifaqı” adlandıra biləcəyimiz bu yığnaqda yer alanların hamısını bir-bir üzə çıxaracaq və onlar qanun qarşısında cavab verəcəklər. İndi burada üzümü xalqımıza tutub soruşmaq istərdim: bu “Xəyanət İttifaqı”, oradakı adları bəllilərin bir vaxtlar örtülü və açıq şəkildə dəstəklədikləri başqa bir yığnaqdakılar, yəni “Milyarderlər İttifaqı”ndakılar 44 günlük savaşı qoyuram qırağa, əgər istəsə idilər belə İlham Heydər oğlu Əliyevin savaşsonrası atdığı addımlardan bircəciyinə cəsarət edəcəkdirlərmi? Hələ demirəm ki, onlarda bu bacarıq varmı? Yəqin razısınız ki, sual yenə ritorikdir. 

Bir kəlmə də Taleyran gedişi getmək istəyən birində, yəni “Xəyanət İttifaqı” quran adamda buna uzaqgörənlik demək mümkündürsə əgər, ondakı uzaqgörənliyin olmadığını deyəndə nəyi nəzərdə tutduğuma aydınlıq gətirib nitqimi bitirirəm. Taleyran xəyanətə zaman prizmasından yanaşaraq ibliscəsinə deyirdi ki, o, vaxtında ediləndə uzaqgörənlik olur. Xəyanətə meyllilikdə Taleyrandan betərdə və “Xəyanət İttifaqın”a cəlb etdiyi ünsürlərdə isə uzaqgörənlik olsa idi, üz tutduqları, marağına uyğun çıxış etmək öhdəliyi götürdükləri mərkəz onların məkrli planı haqda özü xəbər verməzdi. Çünki həmən mərkəz Azərbaycan xalqının cənab İlham Əliyevə necə yanaşdığını da, dövlət çevrilişi hazırlayanların bunu bacarmayacaqlarını və planlarının tezliklə üstünün açılacağını da gözəl bilirdi".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?