Modern.az

Xəyanətkarlar layiqli cəzalarını alacaqlar!

Xəyanətkarlar layiqli cəzalarını alacaqlar!

Parlament

2 Dekabr 2025, 19:38

Azərbaycanda Prezident cənab İlham Əliyevin liderliyi ilə müşahidə edilən siyasi sabitlik, iqtisadi artım tempi, sosial yönümlü layihələr və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində atılan addımlar, torpaqlarımızın öz gücümüz hesabına nəhayət erməni işğalından azad edilməsi və ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, müstəqil və prinsipial xarici siyasət kursumuz bəzi xarici qüvvələri ölkəmizə qarşı hər vəchlə öz maraqları naminə məkrli siyasətlərini həyata keçirməyə sövq edir. Bu planların gerçəkləşdirilməsində ölkə daxilindəki “beşinci kolon”un xidmətlərindən də yararlanmaq niyyəti heç şübhəsiz öndə olub.

Müstəqilliyimizi bərpa etdikdən sonra müəyyən müddət hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün ölkədə hərc-mərclik yaradan və iqtisadi tənəzzülə aparan fəaliyyəti fitnəkar xarici qüvvələr üçün də öz maraqlarını yürütmək üçün əlverişli imkan yaradırdı. Məhz xalqın təkidli tələbi ilə ölkəmizə yenidən rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində siyasi sabitliyə, iqtisadi artıma və dünyanın aparıcı transmilli şirkətlərinin ölkəmizə iri həcmli sərmayə yatırmasına nail olundu.

Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu son dərəcə uğurla davam etdirərək, dövlətimiz və xalqımız qarşısında duran əsas hədəflərə çatdı və münaqişələr vasitəsi ilə regionu idarə etmək niyyətində olan xarici qüvvələrin planları puç oldu. İstər 2003-cü ildə keçirilən prezident seçkiləri, istərsə də 2012-2013-cü illərdə Şimal qonşumuzun ərazisində formalaşdırılan “ittifaq” və bu üzdəniraq quruma ölkə daxilində davamlı dəstək göstərən Ramiz Mehdiyev, Əli Kərimli və onlarla əlbir olan digər anti-milli ünsürlərin bütün planları və xəyanətkarlıqları ifşa edildi.

Məlumdur ki, Qərb yönümlü “müxalifətçi” kimi təqdim olunan, əslində isə digər bir mərkəzdən idarə olunan Əli Kərimli və onunla iş birliyində olanlar verilən təlimatlar və maliyyə dəstəyi ilə daim öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. Ölkəmizin hər uğurunun ardınca Əli Kərimlinin dərhal öz sosial şəbəkə hesabları vasitəsi ilə anti-milli və hakimiyyət əleyhinə fikirlər səsləndirməsi onun hansı məqsədlərə xidmət etdiyini və kimlərdən təlimat aldığını açıq şəkildə nümayiş etdirir.

İnanırıq ki, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunan Ramiz Mehdiyev və ona açılan cinayət işi çərçivəsində barəsində araşdırma aparılaraq həbs qəti imkan tədbiri seçilən Əli Kərimli və digərlərinin bütün qanunsuz və dövlət əleyhinə fəaliyyətlərinə hüquq-mühafizə orqanlarımız tərəfindən peşəkarlıqla hüquqi qiymət veriləcək və heç şübhəsiz, xəyanətkar əməllərinə görə bu şəxslər layiqli cəzalarını alacaqlar.

Zaur Şükürov 

Milli Məclisin deputatı 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?