Modern.az

Məsafədən iş yalnız müəyyən sektorlar üzrə tətbiq edilsin - TƏKLİF

Məsafədən iş yalnız müəyyən sektorlar üzrə tətbiq edilsin - TƏKLİF

Parlament

10 Dekabr 2025, 12:30

Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir. Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli müqavilələrin bağlanmasıdır. Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir. Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir.

V. Bayramov məzuniyyət hüququ ilə bağlı məsələrlə bağlı müəyyən sualların yarandığını qeyd edib:

Mövcud maliyyə və mühasibat proqramlarında məzuniyyət günlərində əməkhaqqının hesablanmasında müəyyən çətinliklər yarana bilər. Gürcüstanda məzuniyyət günlərindən əməkhaqqının hesablanması son 3 ayın orta əməkhaqqına əsaslanır, nəticədə proses sadə həyata keçirilir:

“Məsafədən işlə bağlı məsələ də çox vacibdir. Hazırda Avropada 45 milyondan çox insan məsafədən əmək müqaviləsi ilə çalışır. Bu sahədə də əmək hüquqları və mexanizmlərin dəqiqləşdirilməsi vacibdir. Bəzi ölkələr məsafədən işi konkret sektorlarla məhdudlaşdırır. Çünki əmək hüquqları, təhlükəsizlik, əmək şəraiti kimi məsələlər məsafədən işləyənlər üçün çətinləşir.

Mən təklif edirəm ki, Azərbaycanda da məsafədən iş yalnız müəyyən sektorlar üzrə tətbiq edilsin. Əmək hüquqları tam qorunmaqla, şəffaf mexanizmlər qurulmaqla həyata keçirilsin.Məsafədən işləyənlərin hüquqlarının qorunması, onlara nəzarət mexanizmləri hazırda kifayət qədər zəifdir. 

Özəl sektorda həmkarlar ittifaqlarının yaradılması da çətindir. Bu həm də işçilərin hüquqlarının qorunması baxımından önəmlidir.”- deyə deputat çıxışı zamanı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı