Azərbaycan Xalqının Ümummilli Lideri, Müstəqil Azərbaycan Dövlətinin Memarı, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Ata vəsiyyətini yerinə yetirməklə bütünlükdə Azərbaycan xalqını öz ətrafında sıx birləşdirərək rəşadətli Azərbaycan ordusunun köməkliyi ilə cəmi 44 günlük Vətən müharibəsində “Dəmir Yumruğu” ilə erməni ordusunu və dünya erməni faşizmini məhv etmiş; saxta erməni mifi və ideologiyasına öldürücü zərbələr vuraraq Azərbaycan xalqının əsrlərdən bəri gələn tarixində ilk dəfə olaraq 30 ilədək işğal altında qalmış Azərbaycan torpaqlarını erməni faşistləri və vandallarından azad edərək tarixi ədaləti və Azərbaycan xalqının milli ləyaqətini bərpa etmiş, Azərbaycan xalqının adını qalib xalq kimi, Azərbaycan ordusunun adını Müzəffər ordu kimi, öz adını isə Yenilməz Sərkərdə kimi həmişəlik olaraq tarixə qızıl hərflərlə yazdırmış İlham Heydər oğlu Əliyevin müdrik siyasəti nəticəsində Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra Azərbaycan onun əldə etdiyi uğurları gözü götürməyən bəzi qüvvələrin təzyiqlərinə məruz qalıb. Lakin, qalib dövlət olan Azərbaycanın siyasi və iqtisadi baxımdan qüdrətlənməsi regionla bağlı məkrli niyyətlərin həyata keçirilməsinin qarşısını alan sipərə çevrilib. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi tanınır. Ölkəmiz əldə edilən bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti və yüksək liderlik bacarığı sayəsində nail olub. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir və ölkəmizə qarşı olan haqsız təhdidlər artdıqca xalqın birliyi daha da möhkəmlənir.
Eyni zamanda qeyd edilməlidir ki, doğma vətənimiz Azərbaycanın əldə etdiyi nailiyyətləri gözləri götürməyən, onun uğurlarına, hətta Böyük Zəfərimizə sevinməyən anti-milli qüvvələr hələ də mövcuddur.
Bu anti-milli qüvvələr ölkədə olan davamlı iqtisadi inkişafı, sabitliyi və respublikamızın xarici siyasətdə əldə etdiyi qələbələri qısqanclıqla qarşılayırlar. Sözügedən bu qüvvələr öz siyasi ambisiya və istəklərini həyata keçirmək üçün ölkəmizdə gərginlik yaratmaqla, sabitliyi pozmağa və ölkənin inkişaf etməsinə ciddi mane olmağa çalışırlar.
Bu qüvvələrin içərisində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olan Əli Kərimlinin, Milli Şuranın qurucu üzvlərindən biri və sədri, Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi Cəmil Həsənlinin, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəylinin və hamının yaxşı tanıdığı və uzun illər boyu Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin adları çəkilir. Bu adamlar heç bir ictimai dayaqları olmadan dövlətçiliyə qarşı yönəlmiş fəaliyyətlərində həmişə olduğu kimi, bu gün də iflasa uğradılar. Anti-milli qüvvələrin fəaliyyətində AXCP və Milli Şuranın maliyyələşdirilməsi üçün Rusiyada yaşayan azərbaycanlı oliqarxların rolu, “boz cardinal” və Əli Kərimlinin gizli görüşləri, məxfi informasiya mübadiləsi, “dövlət şurası” ideyası, “Qafqaz baharı” planları və bütün bunların timsalında ölkədə hakimiyyəti ələ keçirməklə əlaqədar olan arzuları sonda puç oldu.
Bu adamlar başa düşməlidirlər ki, dövlət-xalq birliyi sarsılmazdır və ölkəmiz dünya miqyasında güclü hərbi və siyasi iradəsi, milli həmrəyliyi və sülhsevərliyilə seçilir. Azərbaycan xalqı isə, artıq siyasi arenada uğur qazana bilməyən, boş sözlərlə onları yoran Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi öz siyasi ambisiyalarını diqtə edənlərə inanmır, cünki onlar qeyri-qanuni fəaliyyətləri ilə daim dövlətimizə ziyan vurublar. Bütün bunlara görə də xalqımız həmin adamların anti-milli fəaliyyətlərini pisləyir və qəti surətdə onları rədd edirlər.
Rövşən Muradov
Milli Məclisin deputatı