Modern.az

Dövlətçiliyə qarşı şəbəkələrlə mübarizə yarımçıq qalmamalıdır - Azay Quliyev

Dövlətçiliyə qarşı şəbəkələrlə mübarizə yarımçıq qalmamalıdır - Azay Quliyev

Parlament

14 Dekabr 2025, 16:53

Milli Məclisin deputatı Azay Quliyev 2016-cı ilin 15 iyul tarixində Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini və son dövrlərdə Azərbaycanda üzə çıxan təhlükəli prosesləri müqayisə edən geniş məzmunlu paylaşım edib.

 

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, 15 iyul Türkiyə üçün sadəcə bir tarix deyil, milli iradənin ölüm-dirim sınağı olub. Onun sözlərinə görə, FETO terror təşkilatının illərlə planlaşdırdığı çevriliş cəhdi xalqın qətiyyətli mövqeyi və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sayəsində iflasa uğrayıb. Azay Quliyev vurğulayıb ki, həmin gecə Türkiyə Böyük Millət Məclisinin bombalanması, mülki əhaliyə atəş açılması və legitim hakimiyyətin devrilməsinə cəhd dövlətçiliyə qarşı açıq terror aktı idi.

 

Deputat bildirib ki, son aylarda Azərbaycanda Mehdiyev–Kərimli xətti üzrə üzə çıxan faktlar və ifşa olunan mexanizmlər FETO modelini xatırladır. Onun fikrincə, uzunmüddətli gizli hazırlıq, siyasi və media mühitinə sızma, xarici mərkəzlərdən idarə olunan ssenarilər oxşar bir çevriliş modelindən xəbər verir.

 

Azay Quliyev yazıb ki, Rusiyanın ideoloji və siyasi təsiri altında Ramiz Mehdiyev və Əli Kərimli tandemi hələ 2013-cü ildən etibarən müxtəlif platformalar vasitəsilə hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş plan üzərində işləyib. Deputat “milli şura” və AXCP ətrafında cəmləşən bəzi siyasi fiqurların bu proseslərdə rolunun istintaq orqanları tərəfindən tam araşdırılmalı olduğunu qeyd edib.

 

Paylaşımda iddia olunur ki, bu şəbəkənin maliyyələşməsində Rusiyadakı müəyyən strukturlar və ayrı-ayrı şəxslər iştirak edib, bəzi siyasi fiqurlar isə Rusiya xüsusi xidmət orqanları ilə əlaqələr saxlayıb. Azay Quliyev vurğulayıb ki, bu proseslər illər boyu sistemli şəkildə aparılıb və məqsəd dövlət daxilində təhlükəli bir şəbəkə formalaşdırmaq olub.

 

Deputat 2025-ci ildə Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginliyin bu qüvvələr tərəfindən yenidən fürsətə çevrilməyə çalışıldığını, lakin Azərbaycan rəhbərliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin çevik fəaliyyəti nəticəsində planın vaxtında ifşa edilərək zərərsizləşdirildiyini bildirib.

 

Azay Quliyev qeyd edib ki, xəyanət şəbəkələri məğlub olduqda tam yox olmur, sadəcə taktika dəyişir. Bu səbəbdən istintaqın yalnız bir epizodla məhdudlaşmamalı, siyasi partiyalar, media, QHT-lər və dövlət strukturlarında gizlənən bütün əlaqələr üzə çıxarılmalıdır.

 

Deputatın fikrincə, dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönəlmiş fəaliyyət heç bir halda siyasi fəaliyyət adı altında legitimləşdirilə bilməz. O vurğulayıb ki, bu cür strukturların siyasi palitrada saxlanması milli təhlükəsizlik üçün risk yaradır və onların fəaliyyətinə hüquqi-siyasi qiymət verilməsi zəruridir.

 

Azay Quliyev sonda bildirib ki, müstəqilliyin, milli birliyin və dövlətçiliyin qorunması güzəştə getməyə imkan vermir və Azərbaycan dövləti bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?