Bir vaxtlar parlament seçkiləri təkcə səsvermə günü ilə məhdudlaşmır, həftələrlə şəhərin müxtəlif nöqtələrində hiss olunan ictimai ab-havaya çevrilirdi. Küçələrdə və məhəllələrdə təşviqat materialları gözə dəyir, seçki ilə bağlı müzakirələr gündəlik söhbətlərin əsas mövzularından biri olurdu. Namizədlərin seçicilərlə “üzbəüz” görüşləri, məntəqələrin ətrafındakı canlanma, ümumi maraq və gözlənti hissi seçki prosesini cəmiyyətin canlı parçasına çevirirdi. Bu mənzərə xüsusilə 2000-ci illərin əvvəlində daha qabarıq idi. Deputatlığa namizədlərlə vətəndaşlar arasında birbaşa ünsiyyətin mövcudluğu, təbliğat-təşviqatın intensivliyi seçicilərin parlament seçkilərində fəal iştirakına real zəmin yaradırdı.
Zaman keçdikcə seçki mühitindəki bu canlılıq tədricən zəifləsə də, seçici fəallığının illər üzrə statistikası həmin dəyişimin aydın göstəricisinə çevrilib. Belə ki, II çağırış Milli Məclis seçkilərinin keçirildiyi 2000-ci ildə seçici aktivliyi 68,64 faiz təşkil edirdisə, 2005-ci ildə bu göstərici 42,20 faizə enib. Sonrakı illərdə müəyyən dalğalanmalar müşahidə olunub: 2010-cu ildə 59,56 faiz, 2015-ci ildə 55,70 faiz, 2020-ci ildə 46,84 faiz. 1 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində isə seçici fəallığı 37,27 faiz olub.
Rəqəmlər göstərir ki, bir vaxtlar şəhərin “havasına” çevrilən seçki prosesi illər keçdikcə daha çox rəsmi çərçivəyə çəkilib və bu da ictimai iştirak səviyyəsində öz əksini tapıb.

Ötən illərdə deputatlıq uğrunda mübarizə aparan namizədlərin istifadə etdikləri üsullar da bir-birindən xeyli fərqlənirdi. Kimisi küçə-küçə, ev-ev gəzərək seçicilərlə birbaşa ünsiyyət qurmağa çalışır, kimisi tribunadan səslənən iri və iddialı vədlərlə diqqət çəkməyə can atırdı. Bəziləri siyasi mənsubiyyətini ön plana çəkərək partiya nüfuzuna söykənir, bəziləri isə təşviqat dövrü üçün xüsusi hazırlanan plakatlar, bukletlər və üzərində yer alan cəlbedici şüarlar vasitəsilə seçicinin yaddaşında qalmağa çalışırdı. Bütün bu müxtəlif üsullar bir tərəfdən seçki mübarizəsinin rəngarəngliyini formalaşdırır, digər tərəfdən isə hər namizədin seçiciyə hansı dildə və hansı mesajla müraciət etdiyini açıq şəkildə ortaya qoyurdu.
Modern.az ötən illərdə keçirilmiş parlament seçkilərinə aid, həmin dövrün seçki ab-havasını yenidən hiss etdirən tarixi fotoları araşdıraraq maraqlı kadrları bir araya gətirib.
Araşdırmamız göstərir ki, həmin dövrdə istifadə olunan şüarlar sadə, birbaşa və seçici ilə emosional yaxınlıq yaratmağa hesablanmışdı. Bugünkü baxışla yanaşdıqda isə bu şüarların bəziləri istər-istəməz yüngül yumoristik təsir bağışlayır, amma bu daha çox dövrün səmimiyyətindən və namizədlərin seçiciyə “özündən biri” kimi görünmək istəyindən qaynaqlanır.
Məsələn, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Elşad Həsənov gənclərə yönəlik mesaj verərək seçkiyə “Gənclərə etimad, gələcəyə təminat” şüarı ilə qatılmışdı. Eyni dairədən namizəd olan Emil Nəsirli isə seçicinin gözünə sığmaq üçün adının baş hərflərinə mümkün olan ən yaxşı mənəvi keyfiyyətləri yerləşdirərək “Etibarlı, Müstəqil, İmanlı, Layiqli” ifadəsi ilə mübarizəyə qoşulmuşdu. Həmin seçki dairəsindən qalib gələn deputat isə seçki kampaniyasında adını gələcəyə bağlayan “Ülvi gələcəklə Ülvi gələcək” şüarı ilə yadda qalan, hazırda da bu postda olan Ülvi Quliyev olmuşdu.
Başqa bir seçki dairəsindən namizədliyini irəli sürən Ənvər Məmmədyarov uzun izahata ehtiyac duymadan, birbaşa mövqeyini ortaya qoyaraq seçiciyə “Mənə səs verin!” deyə müraciət etmişdi. Eldar İsmayılov isə təşviqatda seçicinin dilindən danışmağı üstün tutaraq “Biz sənə inanırıq!” şüarını seçmişdi.
90-cı illərin tanınmış siyasi simalarından Lalə Şövkət seçicinin iradəsini vurğulayan “Səni seçəni seç!” çağırışı ilə kampaniyada yer almışdı. Balakişi Qasımov seçiciyə minnətdarlıq notu ilə “Qədrinizi bilirəm” deyir, Əli Quliyev isə özünü ailə və məhəllə miqyasında təqdim edərək “Oğlunuz, qardaşınız, dostunuz, el oğlunuz, yurddaşınız” ifadəsi ilə yadda qalmağa çalışırdı.
Bundan əlavə, “Sənin namizədin, sənin qonşun”, “Sizdən biri – Sizinlə bir” kimi şüarlar da həmin illərin seçki kampaniyalarına xas sadəlik və yaxınlıq dilini tamamlayaraq, dövrün siyasi atmosferini izləyən oxucular üçün tanış mənzərə yaradırdı.



















