"Biz növbəti dəfə Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli və siyasiləşmiş addımının şahidi olduq. Dünən həmin qurumda Azərbaycanla bağlı dinləmələr təşkil olundu, qətnamə qəbul edildi, əgər o kağız parçasına qətnamə demək olarsa.
Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır. Lakin, biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Kamran Bayramov deyib.
Millət vəkili bildirib ki, bu Qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan məlumatlara əsaslanır:
"Azərbaycanda qanun aliliyi tam təmin olunub və heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqib edilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını “repressiya” kimi qələmə vermək, beynəlxalq hüquqa və müstəqil məhkəmə sistemimizə hörmətsizlikdən başqa bir şey deyil.
Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir, özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası” kimi təqdim edən bu qurumun daxili çürüməsindən, mənəvi iflasından gedir. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar, başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasında nə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver və rüşvətxorluqla!
Son dövrlərdə Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur.
Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır!"
Kamran Bayramovun sözlərinə görə onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə “problem” olur:
"Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna “diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdir ki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır.
Ona görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtə etməyə haqqı belə yoxdur!"