Biz dəfələrlə görmüşük ki, Azərbaycanın uğurları dünya səviyyəsində tanındıqca, Avropa Parlamenti bəzi dairələrin qərəzli mövqeyini ortaya qoyur. Əslində, onların məqsədi regionda sülh və əməkdaşlıq mühitini dəstəkləmək olmalıdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin Avropa Parlamentinə qarşı qəbul etdiyi bəyanata münasibətdə qeyd edib.
“Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür. Qeyri-sabitlik, ikili standartlar, korrupsiya və siyasi riyakarlıq - bunların hamısı artıq Avropa Parlamentinin içərisində özünü göstərir”- deyə deputat qeyd edib.
Səməd Seyidov qeyd edib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu. Amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir.
Azərbaycan - Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri dünən ona Avropa Parlamentindən zəng gəlditini də vurğulayıb:
“Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Çıxış edənlərdən biri mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər. Mənə sülh və əməkdaşlıqdan danışmaq istədiyini bildirdi. Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər.
Hətta Avropa İttifaqının nümayəndəsi belə etiraf etdi ki, "Azərbaycan bizə lazımdır", "Azərbaycan çox yüksək səviyyədə inkişaf edir" və Azərbaycan-Ermənistan arasında sülh yaxınlaşır. Mən bu fikirləri də birbaşa öz çıxışımda gündəmə gətirdim”.
“Ona görə hesab edirəm ki, bizim cavabımız çox düzgün, prinsipial və yerində oldu. Bu gün biz o mərhələdəyik ki, öz sözümüzü açıq şəkildə, ən yüksək səviyyədə ifadə edə bilir və həyata keçiririk. Bu, dövlətimizin müstəqil siyasət yürütmək iradəsinin və güclənən mövqeyinin bariz nümunəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət, eləcə də bu gün Sizin qarşısınızda səsləndirilən mövqelər Azərbaycanın hansı səviyyədə öz sözünü deməyə qadir olduğunu göstərir”- Səməd Seyidov qeyd edib.