Modern.az

Milli Məclis bəyanat QƏBUL ETDİ

Milli Məclis bəyanat QƏBUL ETDİ

Parlament

19 Dekabr 2025, 12:08

Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiyası bəyanat mətnini hazırlayıb. 

Modern.az-ın məlumatına görə bəyanat mətnini komissiyanın sədri Şahin İsmayılov parlamentin iclasında oxuyub. 

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisi, Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən, qərəzli bir sənəd kimi qiymətləndirir.

Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd, konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti, bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları məsələlərini öz gizli gündəliyi və təxribatçı niyyətləri üçün vasitəyə çevirir.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan Avropa Parlamenti, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına da qərəzlə yanaşır.

Bundan əlavə bəyanatda COP29 tədbirinin ölkəmizdə keçirildiyi zamanı Avropa Parlamenti ölkəmizə qarşı hücumlarda fəal rol oynayan qurumlardan biri olduğu qeyd olunub. 

“Müşahidələr göstərir ki, belə qətnamələrin əksəriyyətinə səs verən deputatların nə sənədin məzmunu, nə də hüquqi əsası barədə məlumatı olur. Bu isə, Avropa parlamentarizminin hansı dərəcədə böhran içində olduğunu və obyektivlikdən nə qədər uzaq düşdüyünü açıq şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və o, ölkəmiz tərəfindən tamamilə rədd edilir. Azərbaycan bundan sonra da müstəqil siyasətini davam etdirəcək, beynəlxalq hüquqa, insan hüquqlarına və ədalətə əsaslanan mövqeyini müdafiə edəcəkdir” – bəyanatda bildirilib.
Bəyanat mətnində o da qeyd edilib ki, Avropa Parlamenti müəyyən proseslərdə obyektivlikdən uzaq, səthi və qərəzli yanaşmalar nümayiş etdirərək, İslamafobiya və türklərə qarşı nifrət kimi meyillərin açıq ifadə olunduğu bir platformaya çevrilib. 

“İslam və Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycana qarşı səsləndirilən qərəzli mövqelər, Avropa məkanında fəaliyyət göstərən müəyyən dairələrin məqsədli şəkildə ölkəmizə qarşı siyasi təzyiq göstərmək cəhdlərindən başqa bir şey deyil”.

Bəyanat mətni oxunduqdan sonra qəbul edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır