Modern.az

AXC-Müsavat dövründə amnistiya cinayətkarlığı 43 faiz artırdı - Komitə sədri

AXC-Müsavat dövründə amnistiya cinayətkarlığı 43 faiz artırdı - Komitə sədri

Parlament

19 Dekabr 2025, 12:30

1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əfv və amnistiya məsələləri də qanunvericilik və humanizm çərçivəsində yenidən tətbiq olunmağa başladı. Təəssüf ki, ondan əvvəl  AXC-Müsavat hakimiyyəti dövründə heç bir hüquqi-sosioloji araşdırma aparılmadan qəbul edilmiş amnistiya aktı və əfv fərmanlarının çox ağır nəticələri olmuşdur.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, 1992-ci ilin 15 iyul tarixli amnistiya aktından sonra respublikada cinayətkarlıq, xüsusilə də onun ağır növləri üzrə dərhal 43% artım qeydə alınmışdı. Əvvəlki illərlə müqayisədə residiv cinayətlər isə 2,5 dəfə artıb.

“Bu azmış kimi, həmin dövrdə heç bir rəsmi əfv və ya amnistiya aktı olmadan 600-dən artıq məhkum birbaşa guya Qarabağ döyüşlərində iştirak etmək adı ilə həbsxanalardan buraxılmışdı. Məhkumların yalnız az bir hissəsi döyüşlərdə iştirak etmiş, digərləri isə cəbhə bölgələrində və ətraf rayonlarda əhaliyə qarşı təkrar cinayətlər törətmişdilər. Onların axtarışı və həbsxanalara qaytarılması 1996-cı ilə qədər davam edib”. 

Ə. Hüseynli qeyd edib ki, AXC-Müsavat hakimiyyəti dövründə Prezident və Prezident səlahiyyətlərini icra edən şəxslər bağışlanma ilə bağlı müraciətləri qeyri-qanuni şəkildə rədd etmiş və nəticədə Azərbaycanda həmin dövrdə ölüm cəzası da qeyri-qanuni formada icra olunmuşdu.

“1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə də qanunçuluq və insan hüquqlarının müdafiəsi tam şəkildə təmin olundu və bu dövlətin ali məqsədlərindən birinə çevrildi. Ölüm cəzasının icrasına dərhal moratorium qoyuldu və təsadüfi deyil ki, bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyasının 27-ci maddəsində "müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək" ifadəsi yer aldı”- Əli Hüseynli qeyd edib. 

Komitə sədri amnistiyanın humanist siyasətin əsas göstəricisi kimi qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır