Prezident İlham Əliyevin imzası ilə qanunvericilik təşəbbüsü qaydasında milli varlığımızı, onun tərkib hissəsi olan mənəvi dəyərlərimizi informasiya ehtiyatlarında qeyri-əxlaqi fəaliyyətlərdən qorumağa xidmət edən mühüm dəyişiklik layihəsi müzakirənizə təqdim olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqlqrı komitəsinin sədri Zahid Oruc bildidib.
Komitə sadri fikirlərinə belə davam edib:
"“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur. Düzəlişdə deyilir:”kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni, əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması” qadağan edilir.
Qanuna düzəlişin zərurəti sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərlə zidd, qeyri-etik paylaşımlar və çağırışların çoxalması, cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərilməsi, xüsusilə yeniyetmə və gənclərin davranış modellərində dəyişiklik yaradılmasıdır.
Həqiqətən dövlətin coğrafi sərhədlərindən fərqli olaraq, informasiya məkanı hüdudsuzdur. İctimai mənəviyyat və milli-mənəvi dəyərlər qorunmadıqda, torpaq, vətən və milli kimlik itirilir. Sosial şəbəkələrdə qeyri-əxlaqi paylaşımlar, məzmunlar, hekəyələr və süni intellekt əsaslı botlar, klik beytlər müasir müharibələrin yeni növüdür.
Prezident İlham Əliyev hər zaman ailə institutunun və milli-mənəvi dəyərlərin qorunmasını dövlətin təməl prinsiplərindən biri kimi qiymətləndirib. BDU-nun 100 illiyi ilə bağlı tədbirdəki tarixi çıxışında, Vətən müharibəsinin çağırışının yer aldığı çağırışında ölkə başçısı demişdi, sitat:” bəzi ölkələrdə qadınla kişi arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq…”
Doğrudan da cəzasızlıq mühiti sosial şəbəkələri bəzən antiailə və antiəxlaq platformasına çevirir. Mədəni aşınma ərazi bütövlüyü təmin olunan ölkənin mənəvi suverenliyi üçün təhlükəyə çevrilir. Əxlaqsızlıq normaya çevrildikdə, aqressiya və laqeyidlik artır, vahid millət yox, xaotik kütlə formalaşır.
Ailə institutunun və əxlaq normalarının məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir. Gənclərin davranış modellərinin deformasiyası məhz gördüyünü təkrarlayan, “trend” olanı norma sayan, qeyri-etik davranışı “cəsarət” kimi təqdim edən, yanlış qəhrəmanlar seçən, nəsillərarası böhrana səbəb olan bir gerçəklik formalaşdırır.
Mənəvi dəyərlər milli kimliyin sütunudur. Onlar zəiflədikdə, dilə, adət-ənənəyə, ailəyə münasibət dəyişir, yad modellər düşüncəsiz surətdə köçürülür, “zorakılıq, narkomaniya, cinsi istismar artır.
İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması tələbi əslində cəmiyyətdən gəlir. Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə istər media, istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verən cəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı və beynəlxalq reytinqlərdə yer davası aparanlar əxlaqi pozuculuqdan qazananlardır.
Problem təkcə etik çərçivələrin pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə, Teleqram kanalları və tik-tok platfromasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.
Təəssüflər olsun ki, Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya platformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılan terror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı və hakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları, kontentləri və simulyasiyaları linç alətinə çeviriblər.
Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər, “əxlaqsızlıq azadlıqdır” hökmü ilə milli dəyərləri yox etməyə çalışanlardır.
Fiziki və ya hüquqi şəxslərin ləyaqətini aşağılayan, onları cinsi davranış və ya aktlarla assosiasiya edən, qrafik obraz və ya digər vasitələr üzərindən alçaldıcı hərəkətləri paylaşan və ya ictimai paylaşanlara qarşı Avropa ölkələrinin çoxunda qanuni məsuliyyət tətbiq olunur. Onlar Fransa və Almaniyada inzibati qaydada 1000–3000 avro cərimə və ya 15–30 sutka inzibati həbslə cəzalandırılır. Törədilən hərəkət siyasi, ictimai xadimə, qadına qarşı gender motivli və ya sistematik xarakterli olursa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bəli, dövlət təkcə ordudan, güc strukturlarından, yaxud iqtisadiyyatdan ibarət deyil, ilk növbədə, dəyərlərdən, tarixi yaddaşdan, inamdan və ictimai mənəviyyatdan ibarətdir. Ona görə də layihə əxlaq qanunu və mənəviyyat polisi yaratmağı deyil, məhz milli varlığı və gələcəyini qorumağa xidmət edir".