Türkiyə məktəblərinin Azərbaycanda fəaliyyəti artıq reallıqdır və bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Baş naziri ilə birlikdə 100-dən artıq müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən təhsillə bağlı müqavilələr imzalanmışdır. Bu da göstərir ki, Türkiyə ilə təhsil sahəsində əlaqələr xüsusi əhəmiyyət kəsb edir.
Modern.az-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda müxtəlif ölkələrin, - Avropa dövlətlərinin, Rusiyanın məktəbləri fəaliyyət göstərir. Türkiyə məktəblərinin fəaliyyəti də burada xüsusi yer tutmalı olduğunu bildirən S. Novruzov Azərbaycanlı tələbələrin Türkiyədə, Türkiyəli tələbələrin isə Azərbaycanda müxtəlif ixtisaslar üzrə - xüsusilə neft sənayesi, hərbi və tibb sahələrində - təhsil almaları olduqca vacib olduğunu bildirib.
"Biz çalışmalıyıq ki, bu cür təhsil mübadiləsi genişlənsin və məzun olan tələbələr öz fəaliyyətlərini Azərbaycanda davam etdirsinlər. Bu təkcə dil baryerinin aradan qaldırılması baxımından deyil, eyni zamanda ortaq milli-mənəvi dəyərlərin təşviqi baxımından da mühümdür" - o vurğulayıb.