Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma ilə xidmət edən zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay azaldılması, o cümlədən, onlara hərbi rütbələrin verilməsi və Əsasnamədə aparılan dəyişikliklər Vətən müharibəsindən sonra dövlətimizin ordu quruculuğuna dair yeni siyasətinin ifadəsidir. Sadə dillə desək, artıq sülh dövrünə keçid baş verir. Lakin bir məsələ bizi xüsusilə, dərindən narahat edir.
Modern.az-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri qeyd edib ki, son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır.
“Sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparırlar. Həmyerlilərimiz bəzən döyüş bölgələrindən müraciət yayaraq, şirnikləndirici vədlərin yalan məngəsindən çıxmaq üçün kömək istəyirlər”.
Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə 100-lərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər:
“Azərbaycan dövləti xüsusilə, Suriyada İŞİD bayrağı qaldırılarkən qanunvericiliyini sərtləşdirdi, xaricdə hərbi birləşmələrə qoşulanların fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən, vətəndaşlıqdan məhrumetmə əməlitək qiymətləndirdi”.
Zahid Oruc xatırladıb ki, həmin dövrdə DTX-nin yaydığı məlumatlarda Yaxın Şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi.
“Onda torpaqlarımız işğal altında idi və həmin oğullara əlahiddə ehtiyacımız vardı. İndi Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı-qardaşa atəşə açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar”.
“Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin yaxınlarının, qohumlarının “nədən ötrü?”, “kimin uğrunda?” suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi-vətəndaşlarımızı cinayət yolundan daşındırardı. Təkcə Müdafiə nazirliyinin, yaxud hüquq-mühafizə, prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələyə geniş ictimaiyyətin, eləcə də kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe göstərməsi yüzlərlə insanı bizim olmayan müharibədən çəkindirə bilər” – Z. Oruc vurğlayıb.
Bir vaxtlar Suriyaya cənnət ümidilə gedənlərin son 4 ildə iki slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur:
“Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır”.