Modern.az

Bu ad Müzəffər Ali Baş Komandanın adıdır!

Bu ad Müzəffər Ali Baş Komandanın adıdır!

Parlament

23 Dekabr 2025, 20:08

Prezident İlham Əliyevin doğum günü ilə bağlı təbriklərimizi ifadə edərkən, biz sadəcə təqvimdəki bir hadisəni deyil, əslində müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini yazmış, ən ağır sınaqlardan alnıaçıq çıxmış, xalqın və dövlətin taleyini dəyişən böyük bir Liderin keçdiyi tarixi yolu dəyərləndiririk. 

Müasir dünyamızda çox liderlər var.

Lakin ən ağır geosiyasi şəraitdə qlobal güclərin, imperiya keçmişi olan iki qonşu dövlətin və dünya erməniliyinin müqavimətini qıraraq azadlıq müharibəsini, diplomatiya və informasiya savaşını birmənalı qazanaraq ölkəsinin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən İlham Əliyev kimi ikinci lider, ikinci Prezident və ikinci Ali Baş Komandan yoxdur. 

İlham Əliyevin Liderliyini tarixdə bənzərsiz edən yalnız qazandığı qələbə deyil. Onu digərlərindən fərqləndirəm əsas məqam həm də odur ki, o, qalib olduğu halda da sülhü seçdi, yerləşdiyi coğrafiyada sabitlik və təhlükəsizliyin əsas təminatçısına çevrildi. 

Bu isə yalnız özünə güvənən güclü liderlərə xas olan ali siyasi müdriklikdir.

Müasir dünyada elə bir lider yoxdur ki, hərbi qələbəni siyasi legitimliklə, diplomatik mübarizəni hüquqi əsaslarla, milli iradəni isə beynəlxalq balansla eyni anda və uğurla birləşdirə bilsin, beynəlxalq hüququn ali normalarının və Təhlükəsizlik Şurasının onilliklər boyu icra edilməyən qətnamələrinin icrasını təkbaşına, yalnız xalqının iradəsinə və ordusunun gücünə arxalanaraq təmin etsin.

Bunu yalnız cənab İlham Əliyev bacardı.

Deportasiya və soyqırımlar yaşamış, məcburi köçkün taleyinə məhkum edilmiş, torpaqları 30 il düşmən tapdağında qalmış, milli kimliyi və heysiyyəti təhqir olunmuş, haqqa və ədalətə inamı sarsılmış bir xalqı yenidən dirçəltmək, 30 illik psixoloji məğlubiyyəti, məğlubiyyət sindromunu və “olmaz” deyilən düşüncə tərzini məğlub etmək, xalqa inamı, dövlətə güvəni və gələcəyə əminliyi qaytarmaq, Azərbaycan xalqını müzəffər xalqa çevirmək son iki yüz ildə yalnız İlham Əliyevə nəsib oldu. 

İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və tarixi məsuliyyət daşıyan qərarları Azərbaycanı beynəlxalq arenada nüfuzlu, regionda güc balansını öz xeyrinə dəyişən, qalib strateji baxışa malik və milli maraqlarını heç bir xarici təsir mərkəzindən asılı etməyən müstəqil və güclü dövlətə çevirdi.  

Prezident İlham Əliyevin liderliyinə nəzər salarkən onu Ulu Öndər Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Burada söhbət dövlətçilik məktəbinin ardıcıllığından, milli inkişaf strategiyasının davamlılığından və tarixi missiyanın tamamlama mərhələsindən gedir. 

Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, sabitliyi bərqərar etdi və gələcək inkişafın strateji əsaslarını formalaşdırdı.

İlham Əliyev isə bu möhkəm siyasi irs üzərində qalib və suveren Azərbaycanı inşa etdi.

Lakin bütün bunlara baxmayaraq, cənab Prezidentə ictimaiyyətin nümayəndələri tərəfindən dəfələrlə təklif edilsə də, bu misilsiz xidmətlərinə görə hər hansı bir dövlət mükafatının verilməsinə razılıq vermədi.

Prezident İlham Əliyev öz tarixi rolundan hər zaman son dərəcə təvazökar şəkildə bəhs edir. O, bu xidmətlərin qiymətləndirilməsini orden və titullara deyil, tarixin ədalətinə və xalqın yaddaşına həvalə edib. Sanki deyib: “Məni tarix qiymətləndirsin.”

Əgər dünyada başqa bir lider buna yaxın nailiyyətlərə imza atsaydı, çox güman ki, özünə qəhrəman adı verərdi, adına prospektlər, meydanlar, küçələr salınardı, ölkənin ən ali mükafatını öz adına yazdırardı.

Amma İlham Əliyev tam əks yol seçdi.

Bu yol daxili gücün, siyasi kamilliyin və ali mənəvi məsuliyyətin yoludur.

Prezident İlham Əliyev tarix məsələsində haqlıdır.

Çünki O, artıq öz adını tarixə qızıl hərflərlə, silinməz şəkildə yazdırıb.

Bu ad nə ordenlərlə ölçülür, nə də rəsmi titullarla məhdudlaşır.

Bu ad Müzəffər Ali Baş Komandanın adıdır!

Bu, zamanın yox, əbədiyyətin verdiyi qiymətdir.

Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandanla fəxr edir, sabah da fəxr edəcək.

Müzəffər Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, uzun ömür və qarşısına qoyduğu yeni milli hədəflər yolunda tarixi nailiyyətlər arzulayıram!

Azay Quliyev 

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır