Modern.az

Dohada parlament diplomatiyasının rolundan danışıldı

Dohada parlament diplomatiyasının rolundan danışıldı

Parlament

24 Dekabr 2025, 10:26

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.

Modern.az-ın məlumatına görə, açılış mərasimində Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi, Asiya Parlament Assambleyasının Prezidenti adından Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, eləcə də APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov çıxış ediblər.

Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.

Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov öz çıxışında cari ilin fevral ayında Bakıda Milli Məclisin sədrliyi ilə keçirilmiş APA-nın 15-ci Plenar iclasında qəbul olunmuş, təşkilatın büdcəsi və üzvlük haqları ilə bağlı məsələlərin həllini ehtiva edən Qətnamənin əhəmiyyətini vurğulayıb.

Komitə iclasında APA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Bakıda qəbul edilmiş “APA Büdcəsinin Planlaşdırılması haqqında” Qətnamənin icrası və gündəlikdə duran digər məsələlərlə bağlı çıxış ediblər.

Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim iştirakçı dövlətlərin rəhbərlərini qəbul edib.

Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Asiya Parlament Assambleyasının hazırda 44 üzvü mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisi 2024–2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevral ayında Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı olan və parlament sədrlərinin iştirakı ilə 15-ci Plenar iclas keçirilmişdir. APA-ya sədrliyin 2026-cı ilin yanvar ayında Manama şəhərində keçiriləcək Plenar iclasda Bəhreyn Krallığına ötürülməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır