"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. İstintaq hələ də yekunlaşmayıb. Rusiya Prezidenti Düşənbə görüşündə Prezident İlham Əliyevə istintaqın yekunlaşma mərhələsində olduğunu və şəxsən məsələyə nəzarət etdiyini qeyd etmişdi.
Lakin hadisənin üzərindən bir il keçməsinə baxmayaraq, hər hansı nəticə ortada yoxdur.
Modern.az-a Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, hadisə baş verən ilk gündən əmrin kim tərəfindən verildiyi, atəşi kimin açdığı məlumdur:
“Təyyarəmizin qəzaya uğramasından 1 il ötür. Təəssüflər olsun ki, bu 1 il ərzində Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Bir-iki dəfə Rusiya Prezidenti Vladimir Putinin üzrxahlıq çıxışı olub. Lakin aydınlaşma ilə bağlı verilən vədlər yerinə yetirilməyib və bu da münasibətlərin pisləşməsinə səbəb olub.
O vaxt da mən buna sərt şəkildə mövqe bildirmişdim ki, Rusiya bu hadisəni qəsdən törədib. O vaxtdan da əmrin kim tərəfindən verildiyi, atəşi kimin açdığı məlumdur. Təəssüflər olsun ki, bu cinayəti törədən şəxslər hələ də cəzalandırılmayıblar”.

Elşad Musayev üzvü olduğu Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qruplarının hadisə ilə bağlı ayrıca görüşünün keçirilmədiyini əlavə edib:
“Bu məsələ müzakirə olunmayıb. Amma mən həm millət vəkili, həm də partiya sədri kimi üzərimə düşəni yerinə yetirmişəm, bəyanat verərək sərt mövqe ortaya qoymuş, Rusiyanı qınamış və Azərbaycanın haqlı olduğunu bildirmişəm.
Rusiya imperiya ambisiyalarından əl çəkmədikcə, təcavüzkar siyasət yürütməyə davam etdikcə belə hadisələr çox olacaq. Rusiya hələ də, təəssüf ki, ətrafındakı ölkələrə yuxarıdan aşağı baxır. Azərbaycana qarşı da təəssüflər olsun ki, Rusiya öz keçmiş ambisiyalarından əl çəkməyib.
Sadəcə Azərbaycan əvvəlki Azərbaycan deyil – iqtisadi, siyasi və hərbi baxımdan güclənib. Təəssüflər olsun ki, Rusiya münasibətləri düzəltmək üçün addımlar atmayıb. Bu addımları nə qədər atmasa, münasibətlər də bir o qədər yaxşı olmayacaq”.
Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun digər bir üzvü Azər Allahverənov Rusiyanın Azərbaycanın gözləntilər üzərində köklənən münasibətlərinə etinasız yanaşdığını qeyd edib:
“Hər bir Azərbaycan vətəndaşı kimi məni də zamanında sarsıdan hadisə oldu. Bu gün də biz həmin hadisənin baş verməsinin 1-ci ildönümünü qeyd edirik. Həmin hadisənin baş verməsində günahı bilinən insanlar və ya Rusiya Federasiyasının silahlı qüvvələrinə məxsus hansısa hərbi birləşmələrin nümayəndələrinin cəzalandırılması, yəni məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı informasiyaya rast gəlməmişik.
Düşənbədə baş tutan görüş zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıq-aşkar üzrxahlıq etməklə, həmin hadisəyə görə müqəssirlərin məsuliyyətə cəlb olunması və hadisədən zərərçəkmişlərə təzminatın ödənilməsi ilə bağlı qəti mövqeyini açıqladı. Ancaq təəssüflər olsun ki, bu iki məqam bu günə qədər öz həllini tapmayıb.
Eyni zamanda 1 il ərzində yekun hesabat dərc olunmalı idi, lakin bu baş tutmadı. Həmçinin, Rusiya Federasiyasının istintaq qrupunun istintaq materiallarına da istinad olunmalı idi. Rusiya tərəfi indiyə kimi istintaq materiallarını təqdim etməyib.
Bütün bunlar təbii olaraq Azərbaycan tərəfində çox dəqiq və gözləntilər üzərindən köklənən münasibətlərin formalaşmasına təsir göstərə biləcək haldır. İstənilən halda yenə də gözləyirik ki, Rusiya tərəfi dediyim elementlər üzrə üzərinə düşən işləri həyata keçirmiş olsun. Amma hər hansı addımların atıldığını görmürük.
İlkin qiymətləndirmə və yaxud istintaq tədbirləri ilə bağlı hansısa proseslərin getməsi Rusiya mediasında rəsmi mənbələr üzərindən qeyd olunmuşdu. Amma real olaraq bu günün dekabrın 25-i olduğunu nəzərə alsaq, hələ də yekun qərarın verilməməsi ondan xəbər verir ki, Rusiya tərəfi Azərbaycanın gözləntilər üzərində köklənən münasibətlərinə etinasız yanaşır”.

Parlamentari dostluq qruplarının üzvlərinin təmaslarında hadisənin müzakirə olunuğunu söyləyib:
“Hadisənin dostluq qrupu çərçivəsində müzakirəsinə gəldikdə, işçi qrupunda buna həsr olunmuş ayrıca müzakirə aparılmayıb. Amma işçi qrupunun üzvləri arasında təmaslar zamanı bu mövzu diqqət mərkəzində saxlanılır. Media üzərindən və müxtəlif media kanalları vasitəsilə də bununla bağlı mövqeyimizi açıqlayırıq.
Nəticə etibarilə əsas ümidimiz yenə də onadır ki, Rusiya tərəfi özünün xoşməramlılıq prinsipi üzərindən köklənən münasibətlərini digər sahələrdə olduğu kimi burada da bir növ müşayiət etsin, konkret olaraq baş verən hadisə ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.
İstənilən halda Rusiya tərəfi açıqlama vermir. Burada Azərbaycan tərəfinin beynəlxalq məhkəməyə müraciət etmək hüququ var və bu hüquq qüvvədə qalır. Bununla bağlı aidiyyəti dairələrdə müzakirələr aparıldıqdan sonra müvafiq qərar açıqlanacaq”.
Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov bəzi məsələlərdə Rusiyanın qeyri-rasional siyasətinin təəssüf doğurduğunu deyib:
“Münasibətlərimizə mənfi təsir göstərən yenə də, təəssüflər olsun ki, Rusiyadır. Müttəfiqlik münasibətləri aramızdakı qarşılıqlı faydalı əməkdaşlığı diktə etdiyi halda, Rusiya tərəfindən qeyri-adekvat siyasətin şahidi olduq. Bunlardan biri də AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması və nəticədə Aktau yaxınlığında qəzaya uğramasıdır.
1 ildir ki, bu istiqamətdə komissiya işləyir. Azərbaycan-Rusiya-Qazaxıstan komissiyasında nümayəndələr mövcuddur və iş gedir. Bu 1 il ərzində Rusiya Prezidenti dəfələrlə üzrxahlıq edib. Hətta o, Düşənbədə cənab Prezidentlə görüşdə hamımızda ümid yaradan bir neçə fikir səsləndirdi, cənab Prezidentə izahat verərək məsələnin nəzarətində olduğunu və qısa zamanda həll ediləcəyini vəd etdi.
Bu hadisədə əli olanların məsuliyyətə cəlb olunması və Rusiya tərəfinin kompensasiya verməsi məsələlərindən söhbət gedir. Məsələ beynəlxalq Çikaqo Konvensiyası, eləcə də iki ölkə arasındakı münasibətlər və qanunlar ilə tənzimlənir. Bütün bu addımları Rusiya mütləq atmalıdır. Bu həm beynəlxalq hüququn, həm ədalətin, həm də münasibətlərin diktəsidir”.

Parlamentari iki ölkənin parlamentlərarası işçi qruplarının nümayəndələrinin görüşləri zamanı məsələnin müzakirə olunmasından və qarşı tərəfin dediklərində də söhbət açıb:
“Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü kimi qeyd edim ki, iki ölkə arasında bu məsələ ilə bağlı xüsusi görüş keçirilməyib. Amma Azərbaycan nümayəndə heyətləri Rusiyada kifayət qədər səfərlərdə olublar. Bu məsələ iki ölkənin deputatları arasında müzakirə olunub. Onlar da komissiyanın işinin yekunlaşmasından sonra yekun qərarın gözlənilməli olduğunu bildiriblər.
Hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq, Rusiya tərəfi tərəfindən açıqlamalar yoxdur. Bizə elə gəlir ki, məsələ mütləq şəkildə öz həllini tapacaq. Çünki hesab edirik ki, Rusiya anlamalıdır: Azərbaycan güclü dövlətdir və öz vətəndaşlarının hüquqlarını qoruyur və qoruyacaq. Azərbaycan dövlətinin belə məsələlərdə heç bir güzəştə getmək fikri yoxdur.
Rəsmi Moskva Prezidentin dediyi kimi məsələnin düzgün və ədalətli həllinə çalışaraq ona yekun vurmalıdır. Bu da mütləq şəkildə kompensasiyanın ödənilməsi və bu məsələdə əli olanların hamısının aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunmasından gedir. Bu gün bunlar Azərbaycan tərəfinin əsas rəsmi tələbləridir”.