2025-ci ilin sonuna saylı günlər qalır. Yola saldığımız ildə parlament fəaliyyətinə nəzər salarkən mənzərəni yalnız qəbul edilən qanunlar üzərindən qiymətləndirmək kifayət etmir.
Bu dövr həm də Milli Məclis üzvlərinin beynəlxalq müstəvidə apardığı təmsilçilik fəaliyyəti ilə ölçülür. Çünki bu səfərlər parlament diplomatiyasının genişlənməsi, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla dialoq və regional proseslərdə iştirak baxımından fərqli siyasi məzmun kəsb edir.
Modern.az saytı bu əsnada 2025-ci ildə xaricə ən çox səfər edən deputatları araşdırıb.
124 deputat arasında ən çox xarici səfər edən parlament üzvü Azay Quliyev olub. O, uzun illərdir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT PA) ölkəmizi təmsil edir. Deputat il ərzində 11 səfər həyata keçirərək 7 fərqli ölkə və şəhərə gedib. Bu səfərlərə İtaliya (2 dəfə), Portuqaliya, Danimarka, Rumıniya (2 dəfə), Monteneqro, Avstriya (3 dəfə) və Finlandiya daxildir.
Ən çox xarici səfər edən deputatlar sırasında əvvəlki illərdə diplomatik fəaliyyəti ilə seçilən millət vəkilləri də üstünlük təşkil edir.
Belə ki, vaxtilə Xarici İşlər Nazirliyində Baş idarə rəisi vəzifəsində çalışmış, VII çağırış Milli Məclisin deputatı Qaya Məmmədov il ərzində 10 səfər həyata keçirib. O, iki dəfə Avstriyada olmaqla yanaşı, Portuqaliya, Macarıstan, Latviya, Polşa, Türkiyə, Sloveniya və Moldovaya səfər edib.
Komitə sədrləri arasında ən çox xarici səfər edən deputat Əhliman Əmiraslanov olub. Azərbaycan Türkiyə parlamnetlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan komitə sədrinin səfərlərinin sayı 9, səfər etdiyi ölkələrin sayı isə 6-dır.
Deputat il ərzində Qazaxıstan, Türkiyə (3 dəfə), Qırğızıstan, Şimali Kipr (2 dəfə), Gürcüstan və Rusiyaya səfərlər edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev il ərzində 8 xarici səfər həyata keçiriblər.
Səməd Seyidov ABŞ-a üç dəfə səfər etməklə yanaşı, İspaniya, Türkiyə, Özbəkistan və Rusiyada da olub.
Arzu Nağıyev isə Azərbaycan–Gürcüstan əlaqələri üzrə işçi parlamentlərarası qrupun rəhbəri kimi ən çox səfəri (3 dəfə) Gürcüstana edib. Bundan əlavə, o, Rusiya, Avstriya və Özbəkistana da səfərlər həyata keçirib.
Tahir Mirkişili, Cavanşir Feyziyev və Rizvan Nəbiyev də il ərzində xarici səfərləri ilə parlament diplomatiyasına töhfə verən deputatlar sırasında yer alır.
Onların hər biri 7 səfər edib. Tahir Mirkişili İtaliya, ABŞ, Avstraliya və Sloveniya kimi inkişaf etmiş ölkələrə səfərləri ilə diqqət çəkib.
Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev isə ən çox səfəri məhz Şimali Kiprə edib və bu baxımdan xüsusilə seçilir. O, il ərzində Şimali Kiprlə yanaşı Türkiyə və Özbəkistana da səfərlər edib.
20 ildən artıq diplomatik fəaliyyəti olan Rizvan Nəbiyev deputat kimi də bu sahəyə töhfəsini verib. Parlamentə ilk dəfə seçilməsinə baxmayaraq, o, il ərzində 7 xarici səfər həyata keçirib. Deputatın səfər etdiyi ölkələr sırasında İraq, Bəhreyn, İran, Qətər, Türkiyə, ABŞ və Cenevrə yer alır.
İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli il ərzində İtaliyaya 4 dəfə səfər edib. Bununla yanaşı, deputat Avstraliya və Özbəkistana da səfərlər həyata keçirib.
İl ərzində ən çox xarici səfər edən qadın deputat isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova olub. O, il ərzində 6 dəfə xarici səfərə çıxıb. Deputatın səfər etdiyi ölkələr Qazaxıstan, Türkmənistan, Türkiyə, Özbəkistan və Rusiya olub.
İlin ən çox müzakirə olunan səfərlərindən biri isə may ayında deputat Azər Badamovun Rusiyaya səfəri zamanı baş verən insidentlə yadda qalıb. Belə ki, Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində hava limanından geri qaytarılıb.
O zaman Azər Badamovun daxil olduğu nümayəndə heyətinin səfəri Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – hökumət sədri Denis Afanasyevin dəvəti əsasında, Heydər Əliyevin doğum günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədi daşıyırdı. Deputatın Rusiyaya girişinə qadağa qoyulmasının səbəbi kimi onun “anti-rus” çıxışları göstərilib.
İlin ən yaddaqalan görüşlərindən biri isə ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında baş tutan ikitərəfli görüş olub. Görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, eyni zamanda Azay Quliyev, Gülşən Paşayeva, Pərvin Kərimzadə iştirak edib.
P.S. Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərliyi ilə həyata keçirilən xarici görüşlər məqaləyə daxil edilməyib.