Bir sıra Avropa ölkələrində olduğu kimi, sürüşkən iş rejiminə keçid məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, bəzi ölkələrdə iş saatları səhər 7:00-da başlayıb, 16:00-da başa çatır. Bəzi sektorlar isə bazar günü fəaliyyət göstərməklə daha çevik vətəndaş müraciətlərini qəbul edə bilirlər. Banklar və digər xidmət sahələri bu modelə uyğunlaşdırıla bilər.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında depuata Fazil Mustafa bildirib.
Deputat şəhərdəki tıxac probleminə diqqət çəkib.
Son günlərdə yayımlanan bir reportajda bir dövlət qulluqçusu belə demişdi: “8 saat rəsmi işdə, 4 saat isə tıxacda vaxt keçirirəm.” Bu təkcə fərdi narahatlıq deyil, ümumilikdə iş məhsuldarlığına və həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi problemdir. İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır. Bu baxımdan təklif edirəm ki, əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq".
Fazil Mustafa tıxac probleminin birdən-birə həll edilə bilməyəcəyini sözlərinə əlavə edib.
"Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır”.