Həm dünya praktikasında, həm də Azərbaycan Respublikasında qəbul olunmuş milli standartları əsasən, elektron siqaret və qızdırılan tütün məmulatı fərqli kateqoriyalara aid edilmişdir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclinin bugünkü plenar iclasında deputat Vüqar Bayramov “Tütün və tütün məmulatları haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı deyib.
O qeyd edib ki, standartlara uyğun olaraq qızdırılan tütün məmulatı qızdırıcı cihaz vasitəsilə istifadə edildiyindən qanun layihəsinin 1.0.4-1 maddəsində "qızdırıcı cihaz vasitəsilə istifadə edilməsi" sözlərinin əlavə edilməsi məqsədəuyğundur.
Vüqar Bayramov “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklərə münasibət bildirərkən isə qanun layihəsinin yeni redaksiyasında yer alan 246.1-ci maddəyə toxunaraq cərimələrin sabit məbləğlə deyil, diferensiallaşdırılmış meyarlar əsasında müəyyən olunmasını mütərəqqi yanaşma adlandırıb.
Deputatın sözlərinə görə, qanunvericilikdə qəsdən ziyan vurulması ilə ehtiyatsızlıq nəticəsində ziyanın vurulması halları cərimə və cəza baxımından fərqləndirilməlidir. Qəsdən edilən pozuntular daha sərt cəzalandırılmalı, ehtiyatsızlıq hallarında isə ziyanın miqyasına uyğun cərimələr tətbiq edilməlidir.
O qeyd edib ki, bu dəyişikliklər hüquq tətbiqedici orqanlar üçün daha aydın və çevik mexanizmlər yaradacaq, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində məsuliyyətin artırılmasına və laqeydliyə qarşı hüquqi cavab tədbirlərinin gücləndirilməsinə xidmət edəcək.