Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanda idman təkcə yarış və medallarla ölçülən sahə deyil, milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının çıxışında səsləndirilən faktlar, statistik göstəricilər və strateji yanaşmalar idmanın ölkənin sosial, siyasi, ideoloji və beynəlxalq mövqelərinə necə təsir etdiyini aydın şəkildə ortaya qoyur.
2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanmaqla rekord göstəriciyə imza atıblar. Bu dinamika təsadüfi deyil. Prezidentin də vurğuladığı kimi, medalların sayının ildən-ilə artması idmanın inkişafına yönəlmiş ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir. Burada əsas məqam ondan ibarətdir ki, idman sahəsində əldə edilən nailiyyətlər epizodik təşəbbüslərin deyil, uzunmüddətli strateji planlamanın məhsuludur.
Azərbaycanda idmanın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılması infrastrukturun faktiki olaraq sıfırdan qurulması ilə müşayiət olunub. Bu gün ölkənin demək olar ki, bütün bölgələrində müasir idman obyektləri fəaliyyət göstərir. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatdırılıb. Bu fakt regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, idmanın kütləviləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Mərkəzçilikdən uzaq, balanslaşdırılmış idman siyasəti gənclərin potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də sağlam gənc nəslin formalaşdırılmasıdır. Dövlət başçısı açıq şəkildə bildirir ki, sağlam gənclik olmadan nə idman uğurları, nə də dayanıqlı milli inkişaf mümkündür. Bu yanaşma idmanın yalnız fiziki fəaliyyət kimi deyil, ictimai sağlamlıq, sosial rifah və gələcək insan kapitalı prizmasından qiymətləndirildiyini göstərir. Uşaqlıqdan idmana yönələn maraq təkcə peşəkar idmançıların yetişməsinə deyil, sağlam cəmiyyətin formalaşmasına da xidmət edir.
İdmanın ideoloji və mənəvi funksiyası da Prezidentin çıxışında önəmli xətt kimi diqqət çəkir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığı və sağlam ruhun sağlam bədəndə formalaşması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə cəmiyyətdə müşahidə olunan həmrəylik, milli birlik və vətənpərvərlik ruhu bu siyasətin real nəticələr verdiyini göstərir. İdman bu kontekstdə yalnız yarış meydanı deyil, milli ideologiyanın daşıyıcısı rolunu oynayır.
Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını qalib ölkənin bayrağı kimi ucaltmaları artıq son beş ilin dəyişməz reallığıdır. Bu fakt təkcə idman nailiyyəti deyil, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin yaratdığı psixoloji və siyasi reallığın davamıdır. Prezidentin qeyd etdiyi kimi, idmançılar bu gün müzəffər xalqın nümayəndələri kimi çıxış edir və bu status onların məsuliyyətini dəfələrlə artırır.
Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycanda idman sahəsində görülən işlərə verilən beynəlxalq qiymətin rəmzidir. Bu status həm də ölkənin üzərinə əlavə məsuliyyət qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, idmançıların və mütəxəssislərin ədalətli şəkildə qiymətləndirilməsi artıq 30 ilə yaxındır formalaşmış sağlam ənənədir və Azərbaycanın idman şöhrətini ucaldan hər bir insan dövlətin diqqət və qayğısını hiss etməlidir.
Bütün bu faktlar göstərir ki, Azərbaycan idmanı artıq təkcə idman sahəsi deyil, milli güc, beynəlxalq imic və strateji inkişaf alətidir. Dövlət siyasətinin ardıcıllığı bu sahədə əldə edilən uğurların davamlı olacağını deməyə əsas verir.
Azər Kərimli
Milli Məclisin deputatı