Modern.az

İcra hakimiyyətləri müasir çağırışlara cavab vermir - DEPUTATLAR

İcra hakimiyyətləri müasir çağırışlara cavab vermir - DEPUTATLAR

Parlament

8 Yanvar 2026, 15:52

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin digər bölgələrində, hətta bütövlükdə ölkə üzrə tətbiq oluna biləcəyi fikri diqqət mərkəzinə düşüb. Bu yanaşma mövcud regional idarəetmə mexanizmlərinin effektivliyi və yeni modelin mümkün üstünlükləri ilə bağlı müzakirələri aktuallaşdırıb.

Mövzunun regional kontekstdə necə dəyərləndirildiyini öyrənmək üçün Modern.az deputatlar arasında sorğu keçirib. Deputatlar təmsil etdikləri bölgələrdə belə bir idarəetmə modelinə ehtiyacın olub-olmaması, bu ehtiyacı formalaşdıran sosial, iqtisadi və inzibati amillər, eləcə də yeni yanaşmanın yerli problemlərin həllində verə biləcəyi üstünlüklərlə bağlı mövqelərini bölüşüblər.

Milli Məclisin deputatı Elnarə Akimovanın sözlərinə görə, dövlət başçısı bu modelin daha çevik və operativ idarəetmə mexanizmi olduğunu vurğulayaraq, mərkəzi və yerli strukturlar arasında əlaqələrin optimallaşdırılmasını, bürokratik prosedurların azaldılmasını və qərarların qəbul sürətinin yüksəldilməsini ön plana çəkib.

Elnarə Akimova qeyd edib ki, azad edilmiş ərazilərdə formalaşdırılan idarəetmə yanaşması təkcə inzibati koordinasiya vasitəsi deyil, eyni zamanda sosial-iqtisadi transformasiya prosesinin əsas elementidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən məskunlaşdırılması uzunmüddətli planlaşdırma, müasir infrastrukturun qurulması, sosial xidmətlərin bərpası və iqtisadi fəallığın artırılması üzərində qurulub. Dövlət strategiyası 1,1 milyon vətəndaşın doğma torpaqlara qayıdışını hədəfləyir və bu istiqamətdə kompleks inkişaf layihələri icra olunur.

“Bu modelin digər regionlara uyğunluğu qiymətləndirilərkən bir sıra mühüm amillər nəzərə alınmalıdır. Qarabağ və Şərqi Zəngəzur uzun illər işğal şəraitində qaldığı üçün burada infrastrukturun dağılması, demoqrafik balansın pozulması və sosial təhlükəsizlik məsələləri xüsusi yanaşma tələb edirdi. Məhz bu reallıqlar çevik və mərkəzləşdirilmiş idarəetmə mexanizminin tətbiqini zəruri edib” – o qeyd edib.

Elnarə Akimova bildirib ki, regionun iqtisadi potensialının reallaşdırılması baxımından dövlət–özəl sektor əməkdaşlığı, investisiya mühitinin yaxşılaşdırılması və kiçik və orta sahibkarlığın təşviqi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müasir idarəetmə strukturları iqtisadi canlanmanı sürətləndirən əsas alətlərdən biri kimi çıxış edir.

Onun sözlərinə görə, mövcud mərkəzləşdirilmiş idarəetmə sistemi ilə müqayisədə bu model operativ qərarvermə, yerli problemlərə çevik reaksiya və regionların spesifik ehtiyaclarının nəzərə alınması baxımından üstünlüklər təqdim edir. Bununla yanaşı, idarəetmə səmərəliliyinin sosial inklüzivlik, şəffaflıq və hesabatlılıq prinsipləri ilə uzlaşdırılması vacib şərt kimi qiymətləndirilir.

“Modelin ölkənin daha sabit və inkişaf etmiş bölgələrində tətbiqi müəyyən institusional çətinliklər yarada bilər. Uzun müddət formalaşmış mərkəzdən idarəetmə praktikasının fonunda yerli özünüidarəetmə institutlarının real səlahiyyətlərinin məhdudluğu bu keçidi mürəkkəbləşdirən əsas faktorlardandır”, – deyə o qeyd edib.

Deputat Vasif Qafarovun sözlərinə görə, bu model çevik idarəetmə, operativ qərarvermə və dövlət resurslarının vahid koordinasiya çərçivəsində səmərəli istifadəsi baxımından mühüm üstünlüklər təqdim edir.

O xatırladıb ki, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə ölkədə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib və 14 iqtisadi rayon yaradılıb. Bu bölgü tarixi inzibati sərhədlərə və iqtisadi inkişaf xüsusiyyətlərinə əsaslanmaqla daha rasional idarəetmə modelinin formalaşdırılmasına xidmət edir. Onun fikrincə, 86,6 min kvadrat kilometr əraziyə və 10,25 milyon əhaliyə malik ölkə üçün mövcud rayon sayının çoxluğu əlavə bürokratik yük yaradır və müasir kommunikasiya imkanları fonunda kiçik inzibati vahidlərin saxlanılması zəruri deyil.

Lənkəran-Astara bölgəsinin spesifik xüsusiyyətlərinə toxunan Vasif Qafarov bildirib ki, subtropik iqlimə və zəngin kənd təsərrüfatı potensialına malik bu region üçün də sözügedən idarəetmə modeli uyğun ola bilər. Çayçılıq, sitrus meyvəçiliyi, tərəvəzçilik, heyvandarlıq, balıqçılıq və turizm sahələri ilə yanaşı, bölgənin sərhəd və tranzit mövqeyi daha çevik və koordinasiyalı idarəetməni zəruri edir.

“Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan modelin əsas üstünlüklərindən biri qərarların qəbulundan icrasınadək prosesin mərkəzləşdirilmiş, eyni zamanda yerli xüsusiyyətlər nəzərə alınmaqla təşkil edilməsidir. Bu yanaşma Lənkəran– Astara zonasında infrastruktur layihələrinin sürətləndirilməsi, kənd təsərrüfatında emal sənayesinin inkişafı, logistika imkanlarının genişləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması üçün real imkanlar yarada bilər” – deyə o qeyd edib.

Vasif Qafarov vurğulayıb ki, yeni idarəetmə modelinin tətbiqi zamanı yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin qorunması və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Mərkəz və regionlar arasında münasibətlər aydın səlahiyyət bölgüsü, şəffaflıq və hesabatlılıq prinsipləri əsasında qurulmalıdır.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dəyişən və qloballaşan dünyada əsas prioritetlər xidmət keyfiyyəti, vətəndaş məmnunluğu və insan amilidir və bu yanaşma idarəetmə sistemində də yeni tələblər formalaşdırır.

“Azərbaycan Prezidenti dövlət siyasətinin mərkəzinə vətəndaşa xidməti qoyur və həm daxili, həm də xarici siyasətdə bütün istiqamətlər bu məqsədə xidmət edir. Məhz bu baxımdan ölkədə kadr və struktur islahatları ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısının müsahibədə kadr islahatlarını struktur dəyişikliklərindən üstün tutması da təsadüfi deyil”.

Deputatın fikrincə, son dövrlər etimad göstərilərək vəzifəyə təyin olunan bəzi şəxslərin bu etimada layiq davranmaması ciddi problemlər yaradıb. Prezidentin vurğuladığı kimi, burada yaş amili deyil, şəxsi keyfiyyətlər əsas meyar olmalıdır. Rəhbər vəzifələrə təyin olunan şəxslər insanlara təzyiq göstərməməli, hüquqi çərçivədə, qarşılıqlı anlaşma əsasında işləməyi bacarmalıdırlar.

Azər Badamov bildirib ki, idarəetmədə çalışan şəxslərin atdığı addımlar cəmiyyət üçün nümunə xarakteri daşımalı, xalqla dövlət arasında narazılıq yaradan hallara yol verilməməlidir. Xüsusilə Zəfərdən sonra milli birliyin və həmrəyliyin qorunması daha böyük əhəmiyyət kəsb edir və bu məsuliyyət hər kəsin üzərinə düşür.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modeli artıq öz effektivliyini sübut edib və bu təcrübənin gələcəkdə bütün ölkə üzrə tətbiqi istisna olunmur. Prezidentin bu istiqamətdə verdiyi mesajlar islahatların mərhələli şəkildə davam edəcəyini göstərir.

A. Badamovun sözlərinə görə, vətəndaşların icra strukturlarına müraciətləri müxtəlif istiqamətləri əhatə edir və bu müraciətlərin bir qismi icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmadığı halda da daxil olur. Bu səbəbdən çevik yanaşma, düzgün koordinasiya və qarşılıqlı anlaşma xüsusi əhəmiyyət daşıyır. İslahatların əsas məqsədi problemlərin süründürməçilik olmadan, qısa müddətdə və nəticəyönümlü şəkildə həll edilməsidir.

“Struktur islahatları davamlı prosesdir və xüsusi nümayəndəlik institutunun bütün ərazilərdə tətbiqi zaman məsələsidir. Lakin əsas gözlənti bu və ya digər modelin tətbiqindən daha çox, peşəkar, vicdanlı və şəffaf kadrların dövlət idarəçiliyində yer almasıdır. Məhz belə kadrlar ölkənin inkişafına real töhfə verir və vətəndaş məmnunluğunu təmin edir” – sonda o qeyd edib.

“Prezident bir müddət əvvəl də açıq şəkildə bəyan edib ki, hazırda mövcud olan icra hakimiyyəti strukturları mahiyyət etibarilə Sovet dönəmindən miras qalıb və müasir idarəetmə çağırışlarına tam cavab vermir. Bu məsələ artıq uzun müddətdir ki, ictimai və siyasi dairələrdə geniş müzakirə olunur” – deputat Arzuxan Əliyev deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında tətbiq olunan Prezidentin xüsusi və səlahiyyətli nümayəndə modeli özünü doğruldub. Sözügedən idarəetmə forması daha az bürokratik maneə, daha çevik qərarvermə mexanizmi və komanda prinsipi əsasında işləmə imkanı yaradır. Səlahiyyətlərin daha konkret və mərkəzləşdirilmiş şəkildə icrası qərarların sürətlə qəbul olunmasına, məsuliyyət daşıyan şəxslərin aydın müəyyən edilməsinə şərait yaradır.

Arzuxan Əliyev qeyd edib ki, Prezidentin çıxışında kadr siyasəti və məmur məsuliyyəti məsələlərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısı bəzi məmurların öz vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlmədiyini açıq şəkildə ifadə edib və bu sahədə ciddi dəyişikliklərin olacağını bildirib. Bu isə islahatların təkcə struktur deyil, eyni zamanda kadr səviyyəsində də aparılacağını göstərir.

Deputat beynəlxalq təcrübəyə toxunaraq Türkiyə modelini nümunə göstərib. Onun sözlərinə görə, Türkiyədə Prezident tərəfindən təyin olunan valilər mərkəzi hakimiyyətin siyasətinin icrasına nəzarət edir, bələdiyyələr isə yerli özünüidarəetməni həyata keçirir. Azərbaycan Prezidentin səlahiyyətli nümayəndəsi institutunu tətbiq etməklə bu iki yanaşmanı birləşdirən daha balanslı və effektiv idarəetmə modeli formalaşdırmağa çalışır.

“İdarəetmə sahəsində islahatlar zamanın tələbidir. Bu dəyişikliklər dövlət strukturlarının yenilənməsi ilə yanaşı, operativ qərarların qəbuluna və icrasına imkan verən müasir idarəçilik sisteminin qurulmasına xidmət edir. Prezidentin verdiyi mesajlar yaxın dövrdə idarəetmə sistemində mühüm dəyişikliklərin baş verəcəyindən xəbər verir və bu proses ölkənin idarəetmə tarixində yeni mərhələnin başlanğıcı ola bilər”- o sonda qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır