Modern.az

Bərpa olunan enerji prioritetdir: investisiyalar, vergi güzəştləri və yeni stansiyalar

Bərpa olunan enerji prioritetdir: investisiyalar, vergi güzəştləri və yeni stansiyalar

Parlament

10 Yanvar 2026, 12:15

Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu sahədə hüquqi baza da təkmilləşdirilib. Dövlət Başçımızın 29 may 2019-cu il tarixli Sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında“ Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üzrə dövlətin satınalma öhdəliyi ilə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər, müvafiq müqavilə əsasında, 30 ildən çox olmamaq şərtilə həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisindən və torpaqlara görə torpaq vergisindən azaddırlar. Praktikada bu, yaşıl enerji layihələrinə investisiya qoyan sahibkarların əmlak və torpaq vergisi yükündən azad olmasını təmin edir və investisiya mühitini stimullaşdırır.

Bundan başqa, 2026-cı il yanvarın 1-dən qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulması müəyyən edilmişdir. Bu da investisiya mühitini yaxşılaşdırmağa hesablanıb.

Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında çıxış edərək, stansiyanın 240 meqavat gücünün ölkənin enerji potensialını artıracağını vurğuladı. Stansiyanın təməli 2022-ci ildə qoyulmuşdur və bu, “ACWA Power” şirkəti tərəfindən inşa olunmuş ilk bərpaolunan enerji stansiyasıdır. Prezident, bərpaolunan enerji sahəsində xarici investorların artacağını və Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi istiqamətində son 20 ildə generasiya gücünün üç dəfə artdığını qeyd etdi.
Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını hədəfləyir. 
O cümlədən, işğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur.  “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.

Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. 

Azərbaycan regionun enerji “hub”na çevrilir. Ölkəmiz bu istiqamətdə də Mərkəzi Asiyanı Avropa ilə birləşdirir. Belə ki, Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan “təmiz enerji” də Avropaya ötürə biləcək. 
Yaşıl enerjinin ötürülməsi üzrə 4 dəhliz üzərində iş aparılır. Bu isə iştirakçı dövlətlər: Türkiyə, Macarıstan, Rumınıya, Bolqarıstan kimi ölkələrlə birgə layihələrdir. 
Ölkəmizin 2024-cü ildə evsahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü –COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
Bu tədbir enerji keçidinin sürətləndirilməsi baxımında qlobal öhdəlikləri bir qədər də artırmışdır. 
Beləliklə, Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır