Modern.az

Yeni deputatlar hansı yeniliklər gətirdilər? - Köhnələr də DANIŞDI

Yeni deputatlar hansı yeniliklər gətirdilər? - Köhnələr də DANIŞDI

Parlament

10 Yanvar 2026, 15:55

2024-cü il sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi həyatında mühüm mərhələ kimi yadda qaldı. Bu seçkilər Qarabağın işğaldan azad edilməsindən sonra təşkil olunan ilk parlament seçkiləri olmaqla yanaşı, yeni siyasi reallıqlar fonunda formalaşan Milli Məclisin tərkibini müəyyənləşdirdi.

Seçkilərin nəticələri parlamentə bir sıra yeni simaların daxil olması ilə diqqət çəkdi. Cəmiyyətdə maraq doğuran əsas suallardan biri isə yeni deputatların Milli Məclisdə hansı ilk və yeniliklərə imza atması, qanunvericilik fəaliyyətinə hansı yeni yanaşmaları gətirməsidir...

Modern.az məhz bu istiqamətdə həm ilk dəfə seçilən deputatlar, həm də VII çağırış Milli Məclisdən əvvəl deputat olmuş şəxslər arasında sorğu keçirib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev yerli idarəetmə orqanları ilə bağlı qaldırdığı məsələni ön plana çəkib:

"Parlamentdə qaldırdığım ən strateji məsələlərdən biri bələdiyyələrlə bağlıdır. Bələdiyyələrin borcu var. Bələdiyyələrin borcu silinməli və ya dondurulmalıdır. Hesabı bağlı olan bələdiyyələr var. Hesabı bağlı olan bələdiyyələr işləyə bilməzlər. Yerli idaretmə ilə bağlı qaldırdığım məsələni heç kim belə çılpaqlığı ilə deməyib. Digər mühüm sosial məsələlərlə bağlı mən yalnız paramentdə yox, mediada və digər platformalarda da çıxış etmişəm. Əsas xüsusiyyətim odur ki, hamıdan fərqli olaraq tənqid edib qaçmıram, həll yolunu da göstərirəm. Aparılan siyasətlərin doğru olanını alqışlamışam, səhv olanı da tənqid etməklə alternativ irəli sürmüşəm. Dövlətçilik məsələsində dövlətimizi müdafiə etmişəm".
 

Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə:

“Bir neçə istiqamətdə fəaliyyətim davam edir. Elm və təhsil komitəsinin sədr müavini kimi təhsillə bağlı çox ciddi işləyirik. Dinləmələr, universitetlərlə görüşlər istiqamətində aktiv çalışıram. Digər yandan, Azərbaycan-Böyük Britaniya Parlamentlərarsı əlaqələr komitəsinin sədriyəm. Bir neçə dəfə Britaniya deputatları ilə görüş olub, Bakıda Azərbaycan-Böyük Britaniya forumu keçirmişəm. Yəni Azərbaycanı Böyük Briyaniyada, Londonda deputatlar arasında tanıtmaq istiqamətində işlər aparırıq. Bu 1 il ərzində Böyük Britaniya parlamentində dostluq qrupunun bərpa olunmasına, fəaliyyətə başlamasına nail olduq. Bu, bizim diplomatik uğurumuzdur. Seçicilərlə sıx təmasdayıq. Rayonda müxtəlif təşəbbüslərim var. Təhsil təşəbbüsləri ortaya qoymuşam, qızların bacaraqlarının artırılması ilə bağlı tədbirlər, digər tərəfdən, şəhid övladları üçün yay düşərgələri təşkil etmişdim. Gənclərlə dəyirmi masalar təşkil edirik. Deputatların fəaliyyətinə nə daxildirsə, onu etmişik”.



Deputat Elnarə Akimova: “Dünya böyük təbədülatlar dövrünü yaşayır. Cənab Prezidentin yerli mətbuata verdiyi son müsahibəsində də bu fakt diqqət mərkəzində idi. Prezident bunun aydın və birbaşa izahını verdi: “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur.  Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Belə bir dünya düzənində şəxsən mənim üçün önəmli olan milli birlik düşüncəsinin möhkəmlənməsi və dərinləşməsidir. Deputat kimi fəaliyyətim də, çıxış və təkliflərim də milli birlik düşüncəsinin həyatımızın bütün sahələrinə istiqamətlənməsinə yönəlib. 
İrəli sürdüyüm təkliflərə gəlincə. Milli Kitab Mükafatı ilə bağlı bu yaxınlarda irəli sürdüyüm təklif gerçəkləşmək ərəfəsindədir.
Yaradıcı adamların qonorarından tutulan verginin ləğvi ilə bağlı təklif səsləndirmişəm. Region məktəblərində kitabxanaların qorunması, məktəblilərin bura cəlb olunmasının yollarının düşünülməsi ilə bağlı mütəmadi çıxış və təkliflərimi səsləndirirəm. Məktəblərdə psixoloqla şagirdlərin əlaqələrinin gücləndirilməsi, onlarda mütaliəyə marağın artırılması ilə bağlı xüsusi maarifçilik işlərinin aparılması yönündə parlamentin plenar iclaslarında çıxışlarım olub. Mən ədəbiyyatşünas olaraq hər zaman ümummili məsələlərə həssas olmuşam, indi də deputat olaraq bu məfkurə dalğasının içindəyəm və belə məsələlərdə prinsipial və güzəştsizəm”.
 

Deputat Göydəniz Qəhrəmanov: “2025-ci ildə parlamentin fəaliyyəti genişmiqyaslı və uğurlu olub. Üzv olduğum Əmək və sosial siyasət komitəsi, eləcə də Gənclər və idman komitəsində sosial müdafiə, məşğulluq, gənclərin inkişafı və idmanın təşviqi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilib.
Geridə qalan dövr ərzində komitə və plenar iclaslarda səhiyyə, nəqliyyat, turizm, idman və digər sahələrlə bağlı konkret və praktik təkliflərlə çıxışlarım olub və təkliflər irəli sürmüşəm. 
Dairə üzrə vətəndaşlarla birbaşa ünsiyyət hər bir deputat üçün prioritet istiqamətlərdən biridir. Ay ərzində bir neçə dəfə həm əvvəlcədən müəyyən edilmiş qəbul yerlərində, həm də səyyar və məhəlli xarakterli görüşlər keçiririk. Bu görüşlərdə vətəndaşların gündəlik problemlərini dinləyir, onların müraciətlərini yerindəcə araşdırır və aidiyyəti qurumlarla yönəldərək birgə həllinə çalışırıq. Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə keçirilən müxtəlif tədbirlərdə, o cümlədən beynəlxalq platformalarda iştirak etmək imkanım olub. Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməyim də bu baxımdan mühüm beynəlxalq təcrübə oldu. Mətbuatla açıq və aktiv əməkdaşlıq da fəaliyyətimin əsas istiqamətlərindəndir. Hesab edirəm ki, deputatın fəaliyyəti cəmiyyətə daim çatdırılmalı, görülən işlər barədə ictimaiyyət mütəmadi məlumatlandırılmalıdır”.
 

Deputat Rizvan Nəbiyev: “Mən elmdən diplomatiyaya, diplomatiyadan isə parlament fəaliyyətinə gəlmişəm. Bu baxımdan əminliklə deyə bilərəm ki, parlament çox böyük bir siyasi məktəbdir. Xüsusilə nəzərə alsaq ki, müsəlman Şərqində parlamentli respublika ənənəsinin təməli məhz Azərbaycanda qoyulmuşdur, bu institutun tarixi və siyasi əhəmiyyəti daha aydın şəkildə ortaya çıxır. Sovet İttifaqının süquta uğradığı, dövlət müstəqilliyimizin bərpasına aparan mürəkkəb və ziddiyyətli dövrdə o vaxtkı parlament ölkədə gedən siyasi proseslərin mərkəzində dayanmış, taleyüklü qərarların qəbulunda həlledici rol oynamışdır. Hazırda qalib dövlətimizin parlamentində təmsil olunmaq çox qürurludur. VII çağırış Milli Məclis ərazi bütövlyümüzün, dövlətimizin suveren nəzarətinin tam bərpasından ilk dəfə olaraq bütün ərazilərimizi əhatə edən seçki nəticəsində formalaşmışdır.

Parlament mahiyyət etibarilə kollegial fəaliyyətin üstünlük təşkil etdiyi ali qanunverici orqandır. Ayrı-ayrı deputatların çıxışları nə qədər prinsipial və əsaslandırılmış olsa da, nəticə etibarilə hər hansı qanunun qəbul edilməsi və ya mövcud qanunvericilikdə bir ifadənin dəyişdirilməsi üçün müvafiq səs çoxluğunun təmin edilməsi zəruridir. Bu baxımdan parlament fəaliyyəti həm fərdi mövqelərin ifadəsi, həm də ortaq siyasi iradənin formalaşdırılması prosesidir. Məsələn, 2025-ci ildə Milli Məclisin 38 plenar iclasında 181 qanun və 33 qərar qəbul edilmişdir ki, bu da qanunvericilik fəaliyyətinin intensivliyini və sistemliliyini nümayiş etdirir.

Bu kontekstdə mən VII çağırış Milli Məclisin ötən dövr ərzində keçirilmiş iclasları arasında bir sıra mühüm hadisələri xüsusilə fərqləndirmək istərdim. Onlardan biri “Diplomatik xidmət haqqında” Qanunun 2024-cü ilin dekabr ayında qəbul edilməsidir. Bu qanun layihəsi uzun illər, ən azı on ildən artıq müddətdə dövlət daxili prosedurlar çərçivəsində müzakirə olunurdu. Mən Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışdığım dövrdə də bu layihə ilə bağlı dəfələrlə daxili müzakirələrdə iştirak etmişdim. Parlamentdə təmsil olunduğum dövrdə bu qanunun qəbuluna səs vermək mənim üçün mənəvi və peşəkar əhəmiyyət daşıyırdı.

Bu baxımdan iki xüsusi iclası ayrıca qeyd etmək istərdim. Birincisi, 8 may tarixində keçirilən “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Milli Məclisin xüsusi iclasıdır. İkincisi isə Prezident İlham Əliyevin ABŞ-a səfərinin nəticələri və 8 avqust Vaşinqton razılaşmaları ilə bağlı Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsidir. Həm xüsusi iclas, həm də növbədənkənar sessiyada çıxış etmək imkanımın olması mənim üçün mühüm təcrübədir.

Eyni zamanda, parlamentin beynəlxalq proseslərə münasibətdə nümayiş etdirdiyi vahid və prinsipial mövqe, Azərbaycanın milli maraqlarının müdafiəsində siyasi həmrəyliyin qorunması xüsusi qeyd olunmalıdır. Bu yanaşma həm parlament diplomatiyasının güclənməsinə, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Qalib dövlətin parlamentini müvafiq səlahiyyətlər çərçivəsində müxtəlif beynəlxalq platformalarda təmsil etmək xüsusi qürur hissi yaradır. 2025-ci ildə 94 deputat həmkarım 49 ölkəyə 201 səfər həyata keçirmiş, Milli Məclis Sədri isə 17 ölkədə rəsmi və işgüzar səfərlərdə olmuşdur.

Asiya Parlament Assambleyasının (APA) müxtəlif komitə və digər iclaslarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişəm, qalib Azərbaycana göstərilən hörmət və marağın şahidi olmuşam. APA-ya Milli Məclisin sədrlik etməsi səbəbindən bütün iclaslarda Azərbaycan nümayəndəsinə əsas hissədə çıxış imkanı verilir. Prezident İlham Əliyevin strateji vizionu, hərbi, siyasi və diplomatik səyləri nəticəsində formalaşmış sülh gündəliyi və yeni regional reallıqlar şəraitində əməkdaşlıq imkanları barədə danışmaq hər zaman qürurvericidir.

Parlament fəaliyyətinin ən həssas və məsuliyyətli istiqamətlərindən biri də vətəndaş qəbulları zamanı seçiciləri dinləmək, onların qayğı və problemlərini müvafiq dövlət orqanları qarşısında qaldırmaqdır. Seçicilərin hətta kiçik bir probleminin həlli belə onları sevindirdiyi kimi, mənim üçün də böyük məmnunluq yaradır. Xüsusilə məsələ bütöv bir seçki dairəsini və ya daha geniş ərazini əhatə etdikdə, bunun həllinə töhfə vermək uzun müddət yadda qalan olur.Bu qəbildən olan məsələlərə Masazır qəsəbəsini “Memar Əcəmi” metro stansiyası ilə əlaqələndirən 525 nömrəli marşrut xətti üzrə avtobusların müasir nəqliyyat vasitələri ilə yenilənməsi və hərəkət intervalının qısaldılması təşəbbüsünü misal göstərə bilərəm. Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarşısında müraciət qaldırılmış, çox operativ reaksiya verilmiş, peşəkar fəaliyyət göstərilmişdir. Prosesin cari il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Nəticə və əsas prioritet vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaqdır”.
 

Bəs Milli Məclisin eks-deputatları ilk dəfə parlament üzvü olan millət vəkilləri barədə nə düşünürlər?
 

Sabiq deputat Kamilə Əliyeva: “Mən üç çağırış Milli Məclisin deputatı olmuşam. Və hazırda dünyada baş verən siyasi durumu, parlamentin, deputatlarımızın fəaliyyətlərini televiziya və mətbuat vasitəsilə izləyirəm. Şəxsən adlar çəkmək istəmirəm. Amma ümumilikdə götürdükdə, VII çağırış Milli Məclisin yeni seçilmiş deputatları arasında da çox fəalları var. İlk dəfə seçilməklərinə baxmayaraq, tanınırlar, tez-tez çıxış edib, mövqelərini həm mətbuatda, həm də televiziyada ortaya qoyurlar. Yəni bu deputatların fəaliyyətini qənaətbəxş hesab edirəm.

Aydın məsələdir ki, heç də onların hamısı eyni səviyyədə deyil. Onların aralarında ən çox, orta və nisbətən fəal olanlar var. Belə deyim ki, hələ də uyğunlaşmayanlar var. Amma güman edirəm ki, hələ də o qədər çox vaxt keçməyib”.

Keçmiş deputat Rüfət Quliyev: “Sözün açığı deyim, gənc deputatların çıxışlarını xüsusi izləmirəm. Arabir onların çıxışlarına internetdə rast gəlirəm. Təbiidir ki, millət vəkili olmaq üçün müəyyən təcrübə lazımdır. Cavanlar Milli Məclisə müəyyən qədər yenilik gətirə biliblər. Amma onların fəaliyyətini 2-ci il yekunlaşdıqda dəyərləndirmək daha düzgün olar. Çünki mən özüm də bu yolu keçmişəm, bilirəm ki, 1-ci il çox müəyyən dərəcədə aktiv olmaq, bütün məsələlərə öz fikrini bildirmək çox çətindir.
İndi bütün strukturlara gənclər gəlir. Cavan nazirlər, department sədrləri, icra başçıları var. Bunların əksəriyyəti işləri düzgün icra edə bilirlər. Amma son olaylar onu gösətrir ki, onların içərisində müəyyən qədər səhvlərə yol verənlər də var. İnkişaf naminə gənclər gəlməli və özlərini göstərməlidirlər. İstənilən siyasətçiyə qiymət vermək üçün isə 1 il yarım, 2 il keçməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır