Modern.az

Milli enerji strategiyamız ölkəmizin tərəqqisini uğurla təmin edir

Milli enerji strategiyamız ölkəmizin tərəqqisini uğurla təmin edir

Parlament

10 Yanvar 2026, 15:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilərək davam etdirilən milli enerji strategiyamız ölkəmizin hərtərəfli inkişafını, dayanıqlı sosial-iqtisadi tərəqqisini uğurla təmin edir. Ölkəmizdə bütün istiqamətlərdə, eləcə də energetika sektorunda həyata keçirilən ardıcıl islahatlar,  infrastruktur layihələri, çoxşaxəli ixrac-nəql marşrutlarının inşası ölkəmizin enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, regionun iqtisadi inkişafında və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Bu gün Azərbaycanda ənənəvi enerji resursları ilə yanaşı, həm də “yaşıl” enerji mənbələrinin inkişafı və nəqli istiqamətində mühüm addımlar atılır. Bu xüsusda, elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması məqsədilə reallaşdırılan layihələri, qurulan strateji tərəfdaşlıqları, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirən və Avropa-Xəzər enerji dəhlizi ilə əlaqələnən “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərini xüsusi olaraq vurğulamaq istərdim.

Bir neçə gün öncə dövlətimizin başçısının iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bu istiqamətdə reallaşdırılan mühüm hadisədir. 240 meqavat gücündə olan bu stansiya ölkəmizin ümumi generasiya imkanlarını əhəmiyyətli dərəcədə artırır. Layihə ölkəmizin enerji keçidi dövründə bərpaolunan enerji sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin göstəricisidir.

Bu gün dünyada baş verən siyasi və iqtisadi proseslər fonunda Azərbaycanda mövcud olan sabitlik, yaradılan əlverişli investisiya mühiti xarici sərmayədarlar üçün cəlbedicidir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bunun aydın təzahürüdür. “ACWA Power” və “Power China” kimi aparıcı beynəlxalq şirkətlərin bu layihədə iştirakı Azərbaycana olan yüksək etimadı nümayiş etdirir. Bu əməkdaşlıq ölkəmizin investisiya mühitinin şəffaf və etibarlı olduğunu bir daha təsdiqləyir. Xarici investorların uzunmüddətli planlarla Azərbaycana gəlməsi bərpaolunan enerji sektorunun davamlı inkişafına zəmin yaradır.

Son illər ərzində Azərbaycanın enerji sistemi əsaslı şəkildə yenilənib və modernləşdirilib. Generasiya gücləri, ötürücü xətlər və yarımstansiyalar müasir standartlara uyğun qurulub. Hazırda ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çataraq tarixi rekord səviyyəyə yüksəlib. Bu göstərici artan daxili tələbatın etibarlı şəkildə ödənilməsinə və elektrik enerjisinin ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Bu xüsusda, dövlətimizin başçısı tərəfindən “yaşıl enerji” zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun tam olaraq "yaşıl enerji" ilə təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələri qeyd etmək lazımdır. Bütün görülən işlər bir daha göstərir ki, ölkəmizdə enerji dayanıqlılığının təmin olunması Azərbaycanın milli təhlükəsizlik və inkişaf strategiyasının prioritet istiqamətlərindəndir və milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə, əhalinin rifah səviyyəsinin davamlı yüksəldilməsinə xidmət edir.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır