Modern.az

“Xızı-Abşeron”: Azərbaycanın yaşıl enerji yolunda yeni mərhələ

“Xızı-Abşeron”: Azərbaycanın yaşıl enerji yolunda yeni mərhələ

Parlament

11 Yanvar 2026, 16:38

Yanvarın 8-dən etibarən ölkəmizin enerji xəritəsində daha bir mühüm mərhələ reallaşdı.  “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl keçid strategiyasının sürətlənməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Gücü 240 meqavat olan sözügedən stansiya təkcə ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən strateji təşəbbüsdür.

 

2022-ci ilin yanvarında təməli qoyulan stansiya qısa müddət ərzində intensiv və peşəkar fəaliyyət nəticəsində uğurla başa çatdırılıb. Bu proses Azərbaycanın beynəlxalq investorlarla qurduğu etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Layihənin əsas investorlarından biri olan “ACWA Power” şirkəti ölkəmizdə ilk dəfə bərpaolunan enerji sahəsində belə iri miqyaslı layihə həyata keçirir. Lakin bu əməkdaşlıq birdəfəlik xarakter daşımır. Şirkətin Azərbaycana dair daha geniş planları mövcuddur və dövlət bu təşəbbüsləri ardıcıl şəkildə dəstəkləyir.

 

“ACWA Power” bu gün dünyada bərpaolunan enerji texnologiyaları sahəsində aparıcı mövqeyə malik şirkətlərdən biridir. Onun Azərbaycan qurumları ilə əməkdaşlığa xüsusi maraq göstərməsi ölkəmizin investisiya mühitinə olan yüksək etimadın göstəricisidir. Bu əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz bu şirkət tərəfindən icra ediləcəyi açıqlanıb ki, bu da su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

 

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su ehtiyatlarının dayanıqlı idarə olunmasına yönəlmiş uzunmüddətli baxışının tərkib hissəsidir. İqlim dəyişiklikləri, əhali artımı və kənd təsərrüfatında suya tələbatın yüksəlməsi nəticəsində bu cür layihələr gələcək üçün həyati əhəmiyyət daşıyır. Dəniz suyunun müasir texnologiyalar vasitəsilə duzsuzlaşdırılması içməli və texniki su təminatında yeni imkanlar açacaq, xüsusilə Abşeron yarımadası və sənaye zonaları üçün alternativ mənbə formalaşdıracaq. Ən önəmlisi isə bu prosesin bərpaolunan enerji mənbələri ilə uzlaşdırılması planlaşdırılır ki, bu da ekoloji tarazlığın qorunmasına və karbon emissiyalarının minimuma endirilməsinə xidmət edəcək, enerji və su resurslarının sinerjisi əsasında qurulan bu model region üçün nümunəvi yanaşma hesab oluna bilər.

 

Prezident İlham Əliyevinin qeyd etdiyi kimi, bu gün ölkənin müxtəlif bölgələrində yaşıl enerji layihələri ardıcıl şəkildə həyata keçirilir. Qaradağda fəaliyyət göstərən stansiyadan sonra Xızı və Abşeron əraziləri də bu prosesə qoşulub. Yaxın perspektivdə Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə iri layihələrin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanın coğrafi mövqeyi demək olar ki, bütün regionlarda bərpaolunan enerji istehsalını mümkün edir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat həcmində qiymətləndirilməsi gələcək üçün geniş imkanlar açır.

 

Ölkədə formalaşmış əlverişli investisiya mühiti bu marağı daha da artırır. İndiyədək Azərbaycana 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi aparılan islahatların və düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Maliyyə sabitliyi, artan kredit reytinqləri və beynəlxalq agentliklərin müsbət proqnozları ölkəyə olan inamı daha da gücləndirir. Xarici borcun ÜDM-in cəmi 6 faizi səviyyəsində olması, valyuta ehtiyatlarının isə bu borcu dəfələrlə üstələməsi Azərbaycanın qlobal miqyasda güclü mövqeyini bir daha təsdiqləyir.

 

Gələcək mərhələdə bərpaolunan enerji istehsalının artması enerji saxlanması infrastrukturunun da yaradılmasını zəruri edir. Bu məqsədlə ölkə tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi qurulur. İlkin mərhələdə 250 meqavatlıq layihə “AzərEnerji” tərəfindən icra olunur. Lakin artan potensial bu sistemlərin sayının çoxaldılmasını qaçılmaz edir və bu istiqamətdə də xarici investorlar üçün açıq çağırış edilir.

 

İmzalanmış müqavilələrə əsasən 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bununla yanaşı, su elektrik stansiyalarının potensialı da artmaqdadır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyası tikilib və onların ümumi gücü artıq 300 meqavatı ötür. Azad edilmiş ərazilərdə əlavə olaraq 500-600 meqavatlıq potensial müəyyənləşdirilib və bu layihələrin əhəmiyyətli hissəsi artıq reallaşdırılıb.

 

Nəticə etibarilə, ölkə üzrə vahid enerji şəbəkəsinin formalaşdırılması təmin edilmiş, elektrik enerjisi axınlarının istənilən istiqamətdə etibarlı və çevik şəkildə idarə olunması üçün zəruri texniki və institusional imkanlar yaradılmışdır. Həyata keçirilən ardıcıl islahatlar və məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz regional enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevrilmişdir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi beynəlxalq tərəfdaşların Azərbaycana olan etimadının real və əsaslı olduğunu bir daha nümayiş etdirir ki, bu da Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, uzunmüddətli və sistemli inkişaf siyasətinin məntiqi nəticəsidir.


Zaur Şükürov
Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır