“Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ vardır. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır. Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir.
Modern.az-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.
Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilməsi təklif olunur.
Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir.