Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turu oynanılacaq. Bu turda “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq. "Qarabağ" qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a adlayacaq. Komandamızın uduzacağı təqdirdə də "pley-off"a çıxmaq şansı böyükdür və bu, digər oyunların nəticəsindən asılı olacaq.
Artıq hər kəs gecə yayımlanacaq oyun haqqında müzakirələr aparır. Qarabağın bu mərhələyə yüksəlməsi də uğur kimi qiymətləndirilir. Belə düşünənlər arasında deputatlar da var.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Modern.az-a bildirib ki, komitənin iclaslarında "Qarabağ" futbol klubunun uğurları geniş müzakirə olunur.
Deputat qeyd edib ki, "Qarabağ"ın futbolçuları ilə görüşün keçirilməsi də aktualdır.
Komitə sədri belə bir görüşün bugünkü oyunun nəticəsindən aslı olmayaraq keçiriləcəyini də vurğulayıb:
"“Qarabağ" klubunun əldə etdiyi uğurlar bu gün baş tutacaq görüşün nəticəsindən çox böyükdür”.
“Hər bir futbol azarkeşi kimi biz də "Qarabağ"ın bütün oyunlarını xüsusi həyəcanla gözləyirik. Fürsətdən istifadə edib bu gün baş tutacaq oyunda da komandamıza uğurlar arzulayıram” – deyə komitə sədri sonda vurğulayıb.