Modern.az

Bakı şəhər bələdiyyəsi yaradılsın - TƏKLİF

Bakı şəhər bələdiyyəsi yaradılsın - TƏKLİF

Parlament

13 Fevral 2026, 11:49

2025-ci ilin yanvar ayında bələdiyyə seçkiləri keçirildi. Nəticədə 682 bələdiyyə formalaşdı, lakin üç bələdiyyədə seçkilər hələ də etibarsız hesab olunur. Düşünürəm ki, bu məsələ yaxın zamanda həll edilməlidir ki, bütün bölgə və regionlarda bələdiyyə prosesi yekunlaşsın.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Fazil Mustafa deyib.
Deputat onu da bildirib ki, məruzədə qadınların payının 39 faiz, gənclərin isə 25 faiz təşkil etdiyi qeyd olunur. Əslində, bu məsələyə fərqli prizmadan baxmaq lazımdır. Vətəndaşlar üçün əsas məsələ bələdiyyədə nə qədər qadının və ya gəncin təmsil olunması deyil. Onlar müraciət etdikdə bələdiyyələrin hansı səlahiyyətlərə və hansı məsuliyyətə malik olduğunu, yerli problemlərin həllində real nəticə verib-vermədiyini düşünürlər.


“Təəssüf ki, bələdiyyələrin imkanları məhdud olduğuna görə bir çox hallarda bu müraciətlər müsbət cavablandırılmır və vətəndaşlar daha çox mərkəzləşdirilmiş qurumlara ümid etmək məcburiyyətində qalırlar ki, onlar heç olmasa yerli səviyyədə elementar problemlərin həllinə kömək göstərsinlər.
Konstitusiyamızın 144-cü maddəsində bələdiyyələrlə bağlı olduqca mühüm bir müddəa var: yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Hesab edirəm ki, bu sənəddə də həmin məsələyə xüsusi diqqət yetirilməlidir. Hansı bələdiyyələrdə yerli iqtisadi inkişaf proqramları qəbul edilib və icra olunub? Bu barədə demək olar ki, məlumat yoxdur. Məncə, bələdiyyələrin görməli olduğu ən əsas iş məhz bu sahədir və burada konkret göstəricilər, indeksləşmə mexanizmi son dərəcə vacibdir”.

Fazil Mustafa vurğulayıb ki, əvvəllər bələdiyyələrdən danışarkən icra hakimiyyətlərinin onlara təsiri, maneələri, bəzən də bələdiyyələrin səlahiyyətlərindən istifadə etməsi məsələləri qabardılırdı. Lakin indi faktiki olaraq icra hakimiyyətləri yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum edilib. 


“Mən belə hesab edirəm ki, yerlərdə yeni idarəetmə modeli tam formalaşana qədər ya bələdiyyələrin statusu və imkanları genişləndirilməlidir, ya da yerli icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətlər geri qaytarılmalıdır. Çünki mərkəzləşdirilmiş qurumlar bir çox hallarda yerlərdə vətəndaşı razı sala biləcək problemlərin operativ həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Bu baxımdan bələdiyyələrin inkişafı müsbət qiymətləndirilməlidir”.

Deputat F. Mustafa böyük şəhər bələdiyyəsinin yaradılması təklifini də dəstəkləyib:

“Belə bir prinsip müəyyən edilə bilər ki, əgər hər hansı şəhərdə otuzdan artıq bələdiyyə fəaliyyət göstərirsə, həmin şəhər üzrə böyük şəhər bələdiyyəsinin yaradılması nəzərdə tutulsun. Çünki layihələrin icrası baxımından bu say nə həddindən artıq böyükdür, nə də səmərəsizdir. Kəndlərdə bu modeli tətbiq etmək çətin olsa da, heç olmasa Bakı üçün bunu təmin edə bilərik”.

“Qanunvericilikdə qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsi müəyyən qədər həll olunduqda da bələdiyyələrin əksəriyyəti bunu üzərinə götürmək istəmədi. Səbəb isə sadə idi: onları saxlamaq üçün imkanları yox idi. Deməli, ilk növbədə imkanlar barədə düşünməliyik və bu imkanların artırılması üçün real mexanizmlər formalaşdırmalıyıq.
Məsələn, sənəddə göstərilir ki, 2025-ci ildə cəmi dörd yeni bələdiyyə müəssisəsi yaradılıb – Cəbrayılda və digər bəzi ərazilərdə. Bu, bələdiyyələr üçün olduqca minimal göstəricidir. Azərbaycan kimi böyük bir dövlətdə yerli özünüidarəetmə orqanlarının bir il ərzində cəmi dörd müəssisə yaratması qənaətbəxş sayıla bilməz. Halbuki bu göstərici onlarla, hətta yüzlərlə olmalıdır.

Əgər biz məşğulluqla bağlı problemlərin həllini istəyiriksə, mütləq şəkildə bələdiyyələrin bu imkanlarını genişləndirməliyik, onların qərarlarının və möhürlərinin hüquqi təsir gücünü artırmalıyıq. Bir vaxtlar baş vermiş kriminal hallara görə bütün bələdiyyələrin fəaliyyətini faktiki olaraq iflic vəziyyətində saxlamaq düzgün yanaşma deyil. Keçmişdə yol verilmiş pozuntulara görə bütün sistemin səlahiyyətsiz vəziyyətdə qalması uzunmüddətli həll yolu ola bilməz. Bu baxımdan hesab edirəm ki, səsləndirilən tövsiyələr nəzərə alınarsa, yerli özünüidarəetmənin keyfiyyətini gələcəkdə daha yüksək səviyyəyə qaldıra bilərik” - o, sonda qeyd edib.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?