Modern.az

Lerikdə torpağın sotu 3-5 min manatdır, araşdırılsın - ETİRAZ

Lerikdə torpağın sotu 3-5 min manatdır, araşdırılsın - ETİRAZ

Parlament

13 Fevral 2026, 12:04

Sayları az da olsa, fəaliyyətlərində uğurlu və müsbət dinamikaya malik bələdiyyələrimiz var. Bunlar əsasən şəhər bələdiyyələridir. Kənd bələdiyyələrinin əksəriyyətinin fəaliyyətində biz bu müsbət dinamikanı görmürük. 


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov deyib.
Deputat qeyd edib ki, bələdiyyələri ətalətdən çıxardıb çevik, işlək quruma çevirmək üçün onların problemlərini dərindən öyrənməli və müvafiq addımlar atılmalıdır..
“Bunun üçün biz ilk növbədə, müsbət nəticələr əldə etmiş bələdiyyələrin uğurlu idarəetmə təcrübəsini sistemli şəkildə öyrənməli, ümumiləşdirmələr aparmalı və bu qabaqcıl təcrübəni digər bələdiyyələr arasında təşviq etməliyik. Həmçinin, zəif fəaliyyət göstəricilərinə malik və nəticələri uğursuz olan bələdiyyələrdə də mövcud problemləri və çatışmazlıqları müəyyən etməli və onları aradan qaldırmaq istiqamətində addımlar atmalıyıq”.

O qeyd edib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə onların maddi-texniki bazasının gücləndirilməsi və yerli gəlir mənbələrinin formalaşdırılması və genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi də məqsədəuyğun olardı.

“Bələdiyyələrin dayanıqlı gəlir mənbələri formalaşmalıdır. Dayanıqlı gəlir mənbələri olmayan bələdiyyə hansısa bir real iş görmək qabiliyyətinə malik deyil. Hesab edirəm ki, bələdiyyələrin dayanıqlı gəlir mənbələrinin və real iş görmək imkanlarının formalaşması yerli özünüidarəetmə orqanlarına olan etimadın artmasına xidmət edəcək. Eyni zamanda, bu gün bələdiyyələrin, əsasən də kənd bələdiyyələrinin normal fəaliyyətinə mane olan problemləri aradan qaldırmaq istiqamətində də addımların atılması vacibdir. Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib edilməməsi bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur”.

Vasif Qafarovun sözlərinə görə, bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı qiymətlərin həddindən çox yüksək müəyyən edilməsi faktiki olaraq bu sahədə hansısa satış və icarə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir. 
“Lerik rayonu kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır. Bu da öz növbəsində, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır. Hesab edirəm ki, bələdiyyələrin üzləşdikləri bütün bu problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır” – o sonda qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?